Mikayıl Cabbarov "Qafqaz" Universiteti ilə bağlı əmr VERDİ
“Qafqaz” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupu yaradılıb AzerTaym.az-ın “Report”a istinadən məlumatına görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. İşçi qrupuna sədrlik Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevə tapşırılıb. Qrupun üzvləri sırasında isə “Qafqaz” Universitetinin Tədris işləri üzrə prorektoru Həmzağa Orucov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi Yaşar Ömərov, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məsləhətçisi Günay Ələkbərova, Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri Rasim Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədrisin metodik təminatı və akkreditasiya bölməsinin müdiri Nazim Abbasov və Azərbaycan Texniki Universitetinin dosenti Bəxtiyar Namazov yer alıb. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala, ixtisaslarına və tədris dilinə uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim etmək tapşırılıb. Eyni zamanda, Təhsil Nazirliyindən alınmış diplom və akademik arayış blanklarının saxlanılması, doldurulması, verilməsi və uçotu vəziyyətini araşdırsın, istifadə olunmamış blankların nazirliyə qaytarılması təmin ediləcək, akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə arayış hazırlanacaq, tələbələri və onların valideynlərini qəbul edib onlara müvafiq izahatlar veriləcək. Bundan başqa, əvvəlki tədris illərində “Qafqaz” Universitetini müvəffəqiyyətlə bitirən məzunların adına yazılan və universitetin arxivində saxlanılan diplom və diploma əlavələr nazirliyin arxivinə təhvil veriləcək. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.