Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıdakı daşınmaz əmlakın az qala yarısı Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsusdur.
Virtualaz.org xəbər verir ki, bu barədə “Açıq Rusiya” təşkilatının saytı yazıb.
Mənbənin verdiyi məlumata görə, Boris Nemtsovun iştirakı ilə 2014-cü ildə yaradılmış “Bələdiyyə skaneri” korrupsiya əleyhinə könüllülər layihəsi məsələ ilə bağlı öz araşdırmasını aparıb.
Layihə iştirakçıları Çexiyanın daşınmaz əmlak və ticarət reyestrinin köməyi ilə şəhərdəki bütün ünvanları analiz ediblər. Nəticədə, məlum olub ki, əmlakın təxminən 50%-i keçmiş SSRİ respublikaları olan ölkələrin – Rusiyanın, Ukraynanın, Azərbaycanın, Qazaxıstanın və Qırğızıstanın vətəndaşlarının payına düşür.
Tədqiqat zamanı bəlli olub ki, Karlovı Varıdakı elit daşınmaz əmlak sahibləri arasında Azərbaycanda tanınmış simalar da var. Belə ki, burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, onun deputat qardaşı, Milli Məclisin üzvü Cavanşir Paşazadənin də adlarına rast gəlmək mümkündür.
Karlovı Varının mərkəzində Milli Məclisin daha bir deputatı – Adil Əliyevin də daşınmaz əmlakı mövcuddur.
Araşdırmanın müəllifləri Rusiya, Azərbaycan, Qazaxıstan və digər ölkələrin vətəndaşlarına məxsus mənzil bvə villaların onlarla ünvanının qeyd olunduğu interaktiv xəritə də hazırlayıblar.