Cocuq Mərcanlının 80 YAŞLI sakini – “HAMI KƏNDİMİZƏ QAYITSIN”
220 ailənin yaşadığı Cəbrayılın Cocuq Mərcanlı kəndi yenidən qurulacaq. Bunun üçün ölkə başçısı aidiyyəti qurumlara xüsusi tapşırıqlar verib. Artıq ANAMA əməkdaşları kənd ərazisini mina və partlamamış hərbi sursatlardan təmizləməyə başlayıblar. ANAMA əməkdaşı Fehruz Mahmudov bir həftədən artıqdır ki, kənddə təmizləmə işlərinin getdiyini deyir: “Prezidentimizin məlum sərəncamından sonra Cocuq Mərcanlı kəndində ilkin olaraq 50 evin tikintisi ilə əlaqədar ANAMA təşkilatı mina və partlamamış hərbi sursatlardan ərazinin çirklənməsindən təmizlənməsi ilə məşğuldur. Bir həftədən artıqdır ki, kənddə təmizləmə işlərinə başlamışıq”. ANAMA kənd ərazisində kəşfiyyat işlərini artıq tamamlayıb. İlkin olaraq 360 000 kvadratmetr ərazinin təmizlənməsi nəzərdə tutulur. Təmizləmə işləri başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək. Kəndə yol, qaz, işıq, su, və kanalizasiya xətləri çəkiləcək. Bütün bunlar dədə-baba yurdunu uzun illərdi tərk edib köçkün həyatı yaşayan bir elin öz obasına qayıtmasına səbəb olacaq. Qayıdış planı ən çox Həziyevlər ailəsinin ürəyincə olub. Cəbrayıl rayonunun Azərbaycan ordusunun nəzarətindəki yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə qayıdan yeganə ailə Həziyevlər olub. Bu ailə ermənilərin talan edib yandırdığı kənddə düz 23 ildir ki, qonum-qonşu olmadan tənha yaşayırlar. Həm də bütün çətinliklərə rəğmən… 80 yaşlı Minara nənə bu kənddə 9 uşaq böyüdüb. Onlardan iki uşaq dünyasını dəyişib, 5 uşaq müxtəlif rayonlarda köçkün həyatı yaşayır, iki övlad isə Cocuq Mərcanlıda Minara nənənin yanında qalırlar. Minara Həziyeva hamını öz doğma torpaqlarına qayıtmağa çağırıb: “Hər kəs gəlsin. Kim gəlsə, qızımdır, gəlinimdir. Millət doğma torpağına gəlsin”. Kənddə yaşayan Oqtay Həziyev də 23 ildir qohum-əqrəba ilə birgə yaşamağın həsrətini çəkir: “23 ildir burda yaşamışam. Allah prezidentimizin canını sağ eləsin, sərəncam imzalayıb, kəndin bərpası üçün vəsait ayırıb. İnşallah yaxın vaxt ərzində kəndimiz bərpa olunacaq. Bütün yaxın ərazidə yaşayan insanlar öz torpaqlarına qayıdacaqlar. 23 ildir mən qohum-əqrabadan uzaq olmuşam”.