“Qarabağa “böyük qayıdış”a hazırlıq gedir” - Millət VƏKİLİ

 Картинки по запросу hikmət babaoğlu

"Cocuq Mərcanlı ilə başlayan qayıdış Şuşayadək davam edəcək”.

Bunu BakiPost.az-a açıqlamasında "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, prezidentin Cocuq Mərcanlının bərpası ilə bağlı imzaladığı Sərəncam "böyük qayıdış”a hazırlıqdır: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman deyib ki, biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq və Azərbaycanın bir qarış torpağı belə işğal altında qalmayacaq. Düşünürəm ki, ötən gün imzalanan sərəncam böyük qayıdışa hazırlıqdır. Aprel döyüşlərindən sonra qayıdış bizə daha da yaxındır. Hazırda Cocuq Mərcanlı kəndində yenidən məskunlaşmanın təmin olunması üçün ilkin olaraq 4 milyon manat həcmində vəsait ayrılıb. Bu kəndin bərpa olunması, sakinlərin öz ata-baba yurdlarına qayıtması təkcə bir kəndin yenidən məskunlaşdırılması kimi başa düşülməməlidir. Burada çox böyük mənəvi-psixoloji məsələ var. Çünki dost da, düşmən də görür ki, Azərbaycan Prezidenti hansı yolla olursa-olsun işğal olunmuş torpaqlarımızı azad edəcək və itirilmiş hər bir kənddə, hər qarış torpağımızda azərbaycanlılar yenidən məskunlaşacaqlar”.

 Hikmət Babaoğlu hesab edir ki, verilən bu siyasi mesaj, atılan qətiyyətli addım işğalçı Ermənistana da dərs olacaq: "Onlar bir daha dərk edəcəklər ki, Azərbaycan gec-tez torpaqlarını işğaldan azad edəcək və məcburi köçkünlərimiz orada məskunlaşacaq. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam etdiyi müddətdə ilk belə haldır. Hesab edirəm ki, bu, böyük qayıdışın başlanğıcıdır. İnanırıq ki, yeni-yeni döyüşlərdən sonra işğaldan azad edilən torpaqlarımız daha da artacaq və məskunlaşma davam edəcək. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.






Fikirlər