“Zaur Həsənovun başına gələnlər Yeni ildə bir daha təkrarlanmasın” - Tanınmışların ARZULARI

Sabah Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, biri günsə Yeni ilin başlanğıcıdır. “Zaur Həsənovun başına gələnlər Yeni ildə bir daha təkrarlanmasın” - Tanınmışların ARZULARI
Modern.az tanınmışlar arasında 2014-cü ildə Azərbaycanı necə görmək istədikləri ilə bağlı sorğu keçirib.

Millət vəkili Çingiz Qənizadə: “Azərbaycan xalqını bir vətəndaş olaraq, millət vəkili olaraq təbrik edirəm. 2014-cü ildə arzu edirəm ki, işğal olmuş ərazilərimiz azad olsun. 2014-cü ildə heç olmasa bir hissəsini işğal olunmuş torpaqlarımızda keçirək. Mən inanıram ki, cənab Prezidentin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mövqeyi, beynəlxalq hüquq normalarına istinad edərək milli maraqlarımızı qorumaq məqsədilə tutduğu mövqe İnşallah uğurlu olacaq və tezliklə həmin torpaqlarımıza qayıdacağıq. Eyni zamanda arzu edirəm ki, bu il baş verənlər 2014-cü ildə təkrarlanmasın. Azərbaycanda məmurlarla sadə vətəndaşlar arasında bir körpü yaransın. Bizlər, məmurlar, millət vəkilləri, icra strukturlarının nümayəndələri insanlarla münasibətdə olmaqdan çəkinməsinlər, xalqın içərisində olsunlar. Xalqın problemlərinə diqqətlə yanaşsınlar ki, Yeni ildə Zaur Həsənovun başına gələnlər bir daha təkrarlanmasın. 2014-cü ildə Belə bir faciəni heç bir ailə yaşamasın. Ölkəmizin siyasi-iqtisadi-hərbi qüdrətinin artması istiqamətində atılan addımlar daha da möhkəm olsun. Ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində Prezidentimizə daha böyük uğurlar arzu edirəm”.

Yazıçı Seyran Səxavət: “Qarabağı almaq, torpaqları geri qaytarmaq. Onu qaytarsaq ətrafında çox şeylər baş verər. Bayram qabağı, Yeni il qabağı nə arzulayarlar. Sağlıq, salamatlıq, əmin-amanlıq, ruzi, dünyada sayılmaq, seçilmək, söz sahibi olmaq və s. arzulayıram”.

“Ayna”/”Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı: “Birinci dəyişiklik Qarabağ məsələsinin həll olunmağı, ikinci dəyişiklik daha çox demokratiya, daha çox insan haqlarının qorunmağı, daha çox söz azadlığı, daha çox iş yerlərinin açılması, daha çox ədalət. Mənim aləmimdə bunlar olsa, bütün problemlər həll olunmuş kimidir”.

Müğənni Nazpəri Dostəliyeva: “Bütün dünyada, vətəndən kənarda yaşayan hər bir azərbaycanlını ürəkdən təbrik edirəm. Əlbəttə, dünyamızı, ölkəmizi firavan, xoşbəxt görmək istəyirəm. Hər bir ana öz övladını necə görmək istərsə, mən də bu xalqın qızı kimi öz xalqımın hər bir nümayəndəsini xoşbəxt görmək istəyirəm. Analarımızın üzündən təbəssüm əskik olmasın, övladlarımız xoşbəxt olsun, heç bir ana göz yaşı axıtmasın, süfrələrimizin naz-neməti bol olsun. Ən böyük arzum düşmən tapdağında qalmış torpaqlarımızın azad olmasıdır. Bir azərbaycanlı kimi İnşallah bu arzularımıza çataq”.

Kinoaktrisa Həmidə Ömərova :“Birinci növbədə xoşbəxtlik, səadət, əmin-amanlıq, hər sahədə yeniliklər, arzuların həyata keçməsini diləyirəm. Şəhərimiz onsuzda günü-gündən gözəlləşir, abadlaşır. Prezidentimizə möhkəm can sağlığı, hər sahədə yeni layihələrin həyata keçirilməsini arzulayıram”.

Aktrisa Firəngiz Mütəllimova: “Can sağlığı, torpaqlar işğaldan azad olsun. Hər il arzuladığımız arzular. Özüm də Qarabağdan olduğuma görə torpaqlarımızın azad olunmağını istəyirəm. Hamının işində uğurlar. 2013-cü ildə də Azərbaycanın uğurları çox oldu. Yenə də olsun, inşallah”

Müğənni Ədalət Şükürov: “Hər bir azərbaycanlının bir arzusu var ki, Qarabağda böyük bir konsert keçirək. Hər bir insan yeni ildə özünə nə arzu edirsə, mən də onu arzu edirəm. Yeni il gələndə hamı nələrinsə dəyişəcəyinə inanır, sanki bir sürpriz gözləyir. Arzu edirəm ki, hər şey hamının arzu etdiyi kimi dəyişsin”.

Müğənni Azər Zeynalov: “2014-cü ildə ən böyük arzumuz torpaqlarımızın işğaldan azad olmasıdır. İnanıram ki, hörmətli prezidentimizin böyük siyasəti nəticəsində biz arzumuza çatacağıq”.

Azertaym.az olaraq bütün arzulara qoşulur. Ümid edirik ki, arzularınız arzu olaraq qalmasın.






Fikirlər