At hansı müğənnini muradına çatdıracaq? - sorğu
İstanbuldan telefonumuza cavab verən İradə İbrahimovanın əsas arzusu insanları xoşbəxt görməkdir:
“Mən insanları xoşbəxt, pozitiv görəndə, öz əhval-ruhiyyəm də buna köklənir. Eyni zamanda sənətimlə bağlı planlarım var. Bu barədə açıqlamalarım olub. İnşallah, at ilində onların bəhrəsini görərəm”.
Ayan Babakişiyeva son günlərini yaşayan ilan ilindən məmnun qaldığını xatırlatdı:
“Bu il mənim ilim oldu. Çox da düşərli idi. Atı çox sevirəm, vəfalı heyvandı. İnşallah, qismətimdə nə varsa, at muradıma çatdırar”.
Müğənni Rəqsanə İsmayılova ilan ilində Türkiyə ilə yollarını sıx bağladı:
“Ən başlıcası hamı ilə yanaşı özümə can sağlığı arzulayıram. Bir ildir bir neçə layihəmin həlli üçün Türkiyəyə dəfələrlə səfərlərim oldu. Artıq onları üzə çıxarmağa hazırlaşıram. Zəhmətimin bəhrəsini at ilində görəcəyəm”.
Aysel Əlizadə həm şəxsi həyatında, həm də sənətində arzularının olduğunu dilə gətirdi. Subay xanım bunları dedi:
“İnşallah, gözəl ailəm olsun. Eyni zamanda sənətimdə daha böyük layihələr düşünürəm. Bu il dayanmadım. Yeniliklərim oldu. Yenidən Türkiyədə klip çəkilişinə hazırlaşıram. At ilində bu muradımın həyata keçməsini arzu edirəm”.
Sevinc Musayevanın da fikri maraqlı oldu:
“At məni arzu etdiyim layihəmə çatdırsın. Elə bir layihə ki, orada mən bütün istəyimi, ruhumu əks etdirəcəyəm. Bu layihə 1 ildir yuxularımda, ağlımdadır. Əgər onu həyata keçirə bilsəm, elə bilərəm ki, dünya mənimdir. Atın onu bəyənəcəyinə əminəm”.
Sima Qasımova arzularını yumor üzərində qurdu:
“At məni sənətimdə ən yüksək nöqtəyə çatdırsın. Ata deyirəm ki, məni belindən endirib, uzunqulağa mindirməsin”.
Humay Qədimova da şəxsi həyatında özünə şans diləyir:
“Sənətimdə müəyyən irəliləyişim olub. Amma qohum-əqrabam, xüsusilə də anam israrla ailə həyatı qurmağımı istəyir. Allah qismət eləsin, at ilində onları arzusuna çatdırmaq istiyərəm”.
Cəvahir Abdulova isə atdan daha böyük dilək dilədi:
“Sənətimdə böyük bir sıçrayış ola bilər. Bunu da at ilində gözləyirəm. Çox məhşur sənətçi ilə bir səhnədə konsert ideyası ortaya çıxıb. Amma baş tutub-tutmayacağı şansa bağlıdır. Atdan bu diləyimə çatdırmağını arzu edirəm”.