Ötən ilin noyabrında Amerikada keçirilən prezident seçkilərindən əvvəl və sonrakı aylarda dünyanın super gücünün ünvanına müxtəlif tənqidlər oldu. Hazırda bu tipli açıqlamalar davam etməkdədir.
Buna səbəb isə özünü dünyanın demokratiya beşiyi hesab edən ABŞ-da bu dəyərlərin qorunmamasıdır. Azərbaycanın hakimiyyəti daxilindən də Amerikanın ünvanına tənqidlər az səslənmədi. Xüsusilə, yeni prezident Donald Trampın ona etiraz edənlərlə bağlı sərt qərarları, nümayişçilərə qarşı zor tətbiq etməsi sanki digər ölkələrin əlinə fürsət verdi. Çünki Amerika məhz demokratiya adı altında digər dövlətləri daim təsir dairəsində saxlayırdı.
ABŞ-a qarşı daim sərt münasibəti ilə seçilən iqtidaryönlü şəxslərdən biri də YAP-çı deputat, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur. Onun hələ Tramp seçilməmişdən əvvəl dedikləri son aylarda öz yerini tutmağa başlayıb.
B.Sadıqov "Yeni Müsavat”a açıqlamasında Amerika seçkilərindən sonrakı dövrlə bağlı dediklərinin reallaşmasını bu cür izah etdi:
"Bizim bir atalar sözümüz var: "Molla deyir ki, dediyimi edin, etdiyimi etməyin". Amerika insan haqlarının qorunması, mətbuat və söz azadlığı, sərbəst toplaşmaq azadlığı ilə bağlı daim bizə və digər dövlətlərə irad tutur. Çox şükür ki, internet və telekanallar var. Orada nümayişə çıxanlara qarşı necə zorakılığın edildiyinin şahidi oluruq. Bəzən bunları görəndə insan dəhşətə gəlir. İraq əməliyyatları vaxtı jurnalistləri bir yerə yığıb deyirdilər ki, biz hansı informasiyaları versək, siz də onları yaymalısınız. Nədənsə insan haqları deyəndə hansısa QHT-nin rəhbəri olan, yaxud siyasi qurumlara aid şəxsləri nəzərdə tuturlar.
Sonradan da məlum olur ki, bunlar "beşinci kolon”un nümayəndələridir. Onların içərisində heç vaxt insan haqları deyəndə qaçqınlar nəzərdə tutulmur. Halbuki o insanların bütün hüquqları pozulur. Baxırsan ki, onların dedikləri ilə əməlləri uyğun gəlmir. İlkin olaraq prezidentliyə namizədin açıqlamaları yayıldı ki, filan addımları atacam, halbuki buna əmin deyiləm. Artıq Amerikanın öndə olan siyasətçiləri hüquqları pozulan şəxslərin hüquqlarını müdafiə edəcəklərini açıq şəkildə bəyan edirlər. Bu sıradan bir hadisə deyil. Amerikanın daxili işlərinə qarışmırıq, prezident özü bilər hansı işləri görür. Amma burada söhbət insan, media, dini, vicdan azadlığından gedirsə, belə olmalı deyil.
Demokratiyanın prinsipləri bu deyil. Azərbaycan bu sahələrdə nümunələr ortaya qoyub. Necə müxtəlif dillərə sitayiş edənlərin bir yerdə yaşamalarını göstərib. Demokratiyanı biz belə anlayırıq. Amma Tramp ayrı-seçkilik edərək, müsəlman ölkələri ilə bağlı məlum qərarı verdi. O ölkələr də buna uyğun şəkildə öz addımlarını atırlar. O zaman hamının hüquqları pozulur. Səhərisi gün Amerika deyəcək ki, mən güclü dövlətəm, mənə qarşı bunları etmək olmaz. Halbuki demokratiya hamının haqqıdır. Hesab edirəm ki, bunlar uzun çəkməyəcək.
Nəhayət, dünyada və Amerikadakı insanlar hər şeyi düzgün anlayacaqlar. Terrorun yalnız İslama xas olması düşüncəsindən uzaq olacaqlar, terroru maliyyələşdirməyəcəklər. Bütövlükdə dünyaya sülh lazımdır. Adını miqrant qoyduğumuz qaçqınlar getdikləri yerdə problemlər yaradacaqlar. Çünki orada yerləşə bilməsələr, normal yaşamasalar, ayrı-seçkiliyi görsələr, öz hüquqları uğrunda mübarizəyə qalxacaqlar. Onlar da demokratiya və insan hüquqlarını əllərində bayraq edəcəklər. Ona görə elə siyasət yürüdülməlidir ki, hər kəs öz vətənində qala bilsin, normal həyat yaşasın".
Fikirlər