«MƏRKƏZİ BANK BUNU ETSƏ, MANATIN MƏZƏNNƏSİ…» – Vüqar Bayramov

Картинки по запросу vüqar bayramov

İqtisadçı-ekspert Vüqar Bayramov son günlər dolların məzənnəsinin aşağı düşməsinin səbəbləriylə bağlı “Ölkə.Az”-ın suallarını cavablandırıb.

- Vüqar müəllim, son günlər dolların məzənnəsi xeyli aşağı düşüb. Artıq banklar dolları 1 manat 72 qəpikdən alıb-satırlar. Dollar tələbatının azalması nə ilə bağlıdır?

– Yanvar ayında dollara tələbin azalması müşahidə olundu və bu, gözlənilən idi. Bildiyiniz kimi, yanvar ayında Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın həcmi 285 milyard dollar oldu. Nəticə etibarilə kommersiya bankları hərraclarda dollar almaqda maraqlı olmadılar. Fevralda dollara tələbatın azalması təbii faktorlarla bağlıdır. Bu heç də inzibati müdaxiləylə bağlı deyil. Çünki yanvar maliyyə ilinin birinci ayı olduğu üçün və büdcə ayırmaları nisbətən az olduğu üçün – nəzərə alsaq ki, yanvarda böyük məbləğli büdcə ayırmaları olmur, yalnız sosial istiqamətli ayırmalar həyata keçirilir – bu da dövriyyəyə daxil olan valyutanın həcminə təsir göstərdi. Manat kütləsinin həcmində azalma müşahidə olunur, eyni zamanda, idxal azalır. Dekabrda həm bayramlarla bağlı olaraq, həm də səfərlərlə əlaqədar dollara tələbat artmışdı. Dekabrda idxalın artması yanvarda bunun əksinə gətirib çıxardı. Əgər dekabrda istər özəl, istər dövlət şirkətləri xarici borc öhdəliklərinin bir qismini yerinə yetirməyə çalışırdılarsa, yaxud buna məcbur idilərsə, yanvar ayında bu öhdəliklər olmur. İlin başlanğıcı olduğu üçün çox az miqdarda xarici borc öhdəlikləri həyata keçirilir. Bu kontekstdən yanvar və fevral aylarında dollara tələbatın azalması başadüşüləndir. Eyni zamanda, dollarlaşma prosesi də kifayət qədər sürətlə getdi. Əhalinin yığımlarının 90 faizə yaxını dollarlaşdı.

Ümumiyyətlə, Rusiya və Qazaxıstan təcrübəsi göstərir ki, hətta liberal məzənnədə belə, Mərkəzi Bank bütün hallarda aparıcıdır. Hətta uzun müddət liberal məzənnə siyasətini tətbiq edən Türkiyənin özündə Mərkəzi Bank uzun illərdən sonra bazara müdaxilə etmək məcburiyyətində qaldı. O baxımdan Mərkəzi Bank bütün hallarda bazarda əsas oyunçu olacaq.

- Bildirdiniz ki, dekabrda dolların məzənnəsinin artması həm də bayramla bağlı idi. Mart ayında da bir neçə bayram var. Bayram ərəfəsində dolların yenidən bahalaşacağını gözləyə bilərikmi?

– İndiki məqamda nəzərə alsaq ki, Dövlət Neft Fondundan Mərkəzi Banka 7.5 milyard vəsait transfer ediləcək. Eyni zamanda, Dövlət Neft Fondunun büdcəsi 14.5 milyard manatd, o baxımdan biz tələbin necə dəyişəcəyini proqnozlaşdıra bilərik. Mərkəzi Bank üçün il ərzində üç ay dollara tələbin artması baxımından çətin aylardır. Bunlar dekabr, mart və avqust aylarıdır. Dekabrda bayramlar, borc öhdəlikləri var, martda həmçinin bayramlar, səfərlər çoxalır, həmçinin bir sıra inkişaf etmiş ölkələrdə martın 31-i maliyyə ili başa çatdığı üçün bəzi şirkətlər bu ayda borc öhdəliklərini həyata keçirirlər.

Avqustda isə dərs ilinin başlanğıcı olduğu üçün tələbatlar artır. O baxımdan martda dollara tələbin artacağını proqnozlaşdıra bilərik. Çünki idxal artacaq, səfərlər olacaq, bayramların da sayı çoxdur və müəyyən borc öhdəliklərinin yerinə yetirilməsi həyata keçiriləcək. Amma bu məzənnəyə təsir göstərəcəkmi? Bu, birbaşa Mərkəzi Bankın hansı məbləğdə vəsaitin hərraca çıxaracağından asılıdır. Hazırda Mərkəzi Bankda Dövlət Neft Fondunun büdcəsinə uyğun olaraq, 7.5 milyard, təxminən 4.2 milyard vəsait var ki, hərraclar vasitəsilə manatın məzənnəsinin qorunması məqsədiylə istifadə edə bilsin. Mərkəzi Bank da həmin vəsaiti istifadə etməklə tələb artan dövrlərdə tələbi ödəyə bilər. Martda tələbat artacaq, amma bunun məzənnəyə necə təsir göstərməsi birbaşa Mərkəzi Bankın hansı məbləğdə vəsaiti hərraca çıxarmasından asılı olacaq.

- Marta qədər dollar nə qədər qədər ucuzlaşa bilər?

– Liberal məzənnəyə keçid elan olunsa belə, Rusiya və Qazaxıstan təcrübəsi göstərir ki, müəyyən müddət bazar yeni məzənnəyə adaptasiya olunmağa çalışır. Fevral ayında dollara tələb aşağı olacaq. Əgər Mərkəzi Bank əvvəlki hərraclarda olduğu kimi, 35-40 milyon dolların hərracdan çıxarılmasını təmin edəcəksə, o zaman manatın möhkəmlənməsi davam edəcək. Amma Mərkəzi Bank hərraca çıxarılan vəsaitin həcmini azaldacaqsa, 2016-cı ilin aprelində olduğu kimi özü hərracdan valyuta almağa başlayacaqsa, o zaman manatın məzənnəsindəki artımlar stabilləşəcək. Mərkəzi Bank hərraca çıxarılan valyutanın həcmini stabil saxlamaqla, manatın möhkəmlənməsinə ən azı fevral ayında nail ola bilər.

 






Fikirlər