ƏFLATUN AMAŞOVDAN TƏKLİF: "İDMAN JURNALİSTİKASI İXTİSASI BAKALAVR PİLLƏSİNƏ DƏ DAXİL EDİLSƏ..."

"İdman jurnalistikası ixtisası bakalavr pilləsinə də daxil edilsə, bu, daha faydalı olar”.

Bunu Sherg.az-a magistratura pilləsində idman jurnalistikası ixtisasının tədrisi məsələsinə münasibət bildirərkən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. 
O bildirib ki, idman jurnalistikasının inkişafı üçün uzun müddət Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi ilə geniş müzakirələr aparılıb:
"Bu sahədə ixtisaslaşma olarsa, jurnalistika gerçəkliyi daha dolğun əks etdirə bilər. Tələbələr jurnalist olaraq, öz sahələrini daha dərindən öyrənmış olar.  BDU-nun adını çəkməyimizin səbəbi bu sahənin əsas mərkəzinin həmin ali təhsil ocağı olmasıdır. Jurnalistika fakültəsinin demək olar ki, tam şəkildə qəbul olan tələbələr həmin fakültədə qərarlaşır. Orada diplomlar yazılarkən, təəssüf ki, yalnız "Jurnalist” olaraq qeyd olunur. 
Düzdür, fakültədə Televiziya və Radio Jurnalistikası, Nəzəriyyə və Təcrübə, Mətbuat tarixi və İdeoloji iş, Beynəlxalq Jurnalistika kimi kafedralar fəaliyyət göstərir. Həmin kafedralara uyğun bir çox fənlər tədris edilsə də ixtisaslaşma kifayət qədər dərindən həyata keçirilmir. Düzdür, yeni yaranmış onlayn jurnalistika da tədris olunur. Ancaq mənə elə gəlir ki, ixtisaslaşma daha dərin olmalıdır. Magistratura pilləsinə gəldikdə isə burada daha çox elmi sahələr tədris edilir. Televiziya və Radio nəzəriyyəsi, Publisistika, Jurnalistika nəzəriyyəsi, Beynəlxalq Jurnalistika, Mətbuat tarixi və İdeoloji işlə əlaqədar ixtisaslar var. Lakin idman kimi bir ixtisası magistratura pilləsinə çıxarmazdan əvvəl bakalavrda tədrisi daha yaxşı olardı. Bu ixtisasa sahib olan insanlar elə tələbə partası arxasında, auditoriyada nəzəri baxımdan öz biliklərini zənginləşdirib, təcrübi baxımdan isə televiziya, radio proqramlarında, qəzetlərdə, onlayn jurnalistika sahələrində çalışa bilərlər. Ona görə, düşünürəm ki, bakalavr pilləsində bu ixtisaslar tədris olunsa, daha effektli nəticə verə bilər”.
İxtisasların genişləndirilməsi ilə bağlı müzakirələr aparıldığını deyən Ə. Amaşovun fikrincə,  bakalavr pilləsində yeni sahələr olan sosial şəbəkələr, onlayn jurnalistika ilə bağlı dərslər keçilirsə də, magistr pilləsində elmi cəhətdən bunlar öyrədilmir:
"Araşdırma jurnalistikası kimi vacib sahə magistratura pilləsində öyrədilə bilər. Rusiyada, Ukraynada, digər inkişaf etmiş ölkələrdə elmi jurnalistika adı ilə bu sahə tətbiq olunur. Azərbaycanda isə təəssüf ki, araşdırma jurnalistikası öyrədilmir. Ona görə elmi mövzuda olan yazıları işləyərkən jurnalistlərimiz axsayır, elmin dərinliklərinə vara bilmirlər. Bu məsələlər Mətbuat Şurasında, BDU-nun jurnalistika fakültəsində vacib məqamlar kimi diqqətdə saxlanılır.
 Çalışırıq ki, yaxın vaxtlarda müəyyən təkliflər hazırlayıb, üzərində işləməklə, Azərbaycanda jurnalistikanın beynəlxalq standartlara uyğunlaşdıraq. Bir müddətdən sonra isə Avropa Şurasının iştirakı ilə Bakıda böyük konfrans keçirmək fikrimiz var. Həmin konfransa yerli mütəxəssislərlə yanaşı, Avropa ölkələrindən, Türkiyədən və digər ölkələrdən də tanınmış mütəxəssisləri dəvət edəcəyik. Məqsədimiz jurnalistikanın tədrisi sahəsində vəziyyəti dəyərləndirib, xarici təcrübəni Azərbaycana tətbiq etməyin faydalarını araşdırmaqdır. Bütün bunlarla bağlı müzakirələr hələ də davam edir. Yenə deyirəm ki, jurnalistika sahəsinin tədrisində ciddi islahatlar aparmalıyıq. İstər müəllimlərin hazırlıq səviyyəsi, istər dərsliklərin və proqramların hazırlanmasında yeniliklərə ehtiyac var”.
Qeyd edək ki, Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ında dəyişiklik edib. Dəyişikliyə əsasən Humanitar və sosial ixtisaslar qrupu üzrə jurnalistikada "idman jurnalistikası”, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə bədən tərbiyəsi və idmanda "idman tibbi və reabilitasiya” ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sırasına daxil edilib.






Fikirlər