01.09.2014- Bakı Dövlət Universiteti - 95

01.09.2014- Bakı Dövlət Universiteti - 95Bu gün Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin (BDU) yaranmasının 95-ci ildönümüdür.

Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı.


Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.

Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil almışdır.

Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi.

Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılmışdır.

1969-cu ildən sonrakı illər universitet həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Bu universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı.

Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil almışlar.

Hazırda Bakı Dövlət Universitetinin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.

Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin müəllim və tələbəsinin hər gün istifadəsindədir.

Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİnin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür.

Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır.

Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman – sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.






Fikirlər