18.06.2014.- Qafqaz Universiteti də bağlandı?
ARDNŞ bunu “ABTM-də (Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi) yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq” atıb. Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin saytında verilən məlumata əsasən, ABTK Azərbaycan Dövlət Neft Şirkətinin təşəbbüsü və Azərbaycan Dövlət Neft Şirkəti, “Practical Solutions Group” və “Çağ” Öyrətim İşlətmələri Şirkətinın təsisçiliyi ilə fəaliyyət göstərən ictimai birlikdir. Birliyin tərkibində 1 gimnaziya, 11 lisey və 1 Beynəlxalq İstedadlar Kompleksi var. ABTM-in təhsil fəaliyyətinin ən yüksək zirvəsində isə Qafqaz Universitetinin durduğunu qurum rəsmən bəyan edir.
ARDNŞ-in verdiyi qərardan sonra sözügedən gimnaziya, liseylər, komplekslə bərabər, Qafqaz Universitetinin də bağlandığı qənaətinə gəlmək olarmı?
Qafqaz Universitetinin prorektoru Natiq Paşa axar.az-a bildirib ki, xəbərlər mediada dərc olunana qədər onların bu barədə heç bir məlumatı olmayıb:
“Beynəlxalq Təhsil Kompleksinin tərkibində “Araz Kursları” ilə bərabər, 1 gimnaziya və 12 lisey fəaliyyət göstərir. Gimnaziya və liseylər ümumtəhsil məktəbləridir və bu baxımdan təsisçilərin verdiyi qərarı şərh etməkdə tərəddüd edirəm. Qafqaz Universiteti də ABTM-ə daxildir. Ancaq təsisçilərin qərarında ali təhsil müəsisəsi ilə bağlı heç bir söz yoxdur. Bütün hallarda isə yalnız ətraflı məlumat əldə edəndən sonra bir açıqlama verə bilərik. Hazırda isə konkret heç nə deyə bilmərəm”.