16.07.2014-Rasim Nəbiyevin rektorluq dövrü araşdırılır
Ölkə mətbuatında gedən informasiyalara görə təhsil ocağının bağlanmasının səbəblərindən biri rektor Rasim Nəbiyev haqqında şok dosyenin hazırlanaraq hakimiyyətin üst qədəməsinə təqdim edilməsdiir.
Məlumatda xatırladılır ki, İctimai Siyasi Universitetin rəhbərliyi bir vaxtlar keçmiş təhsil naziri Misir Mərdanovun himayəsi altında olub. Lakin yeni nazir Mikayıl Cabbarov təyin edildikdən sonar Rasim Nəbiyevin universiteti “qara siyahıya” alınıb. Bildirilir ki, İctimai-Siyasi Universitetin rektoru əslində keçmiş nazirə arxalanaraq təhsil ocağında ailə “müəsissəsi” yaratmışdı. Belə ki, universitet rektorunun köməkçisi Rasim Nəbyevin qardaşı Nazim Nəbiyev, prorektorlardan biri rektorun həyat yoldaşı filoloq Zöhrə Nəbiyeva, digəri isə qudası Əvəz Şirəliyev olub.
Məlumatda bildirlir ki, İctimai-Siyasi Universitet rəhbərliyi hazırda tələbələrinin başqa təhsil ocaqlarına köçürülməsi işi ilə məşğuldur. Amma Rasim Nəbiyevin “günahlar”ı bununla bitmir. Çünki rektor universitetində təhsil alan bir çox tələbələri dövlət təhsil ocaqlarına köçürülməsində çox yaxından iştirak edərək bu maxinasiyalardan külli miqdarda qazanc əldə edib.
Məlumatda qeyd olunur ki, Rasim Nəbiyevin son 7 ildə köçürmələrdən əldə etdiyi qazanc təxminən 15 milyon manata yaxındır. Ona görə də istisna olunmur ki, Rasim Nəbiyev cinayət məsuliyyətinə cəlb olunsun.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…