Qulu Məhərrəmli məhkəməni uddu – Cinayət təqibinə xitam VERİLDİ
Bir ilə yaxındır ki, Yasamal rayon Məhkəməsində tanınmış jurnalist, professor Qulu Məhərrəmliyə qarşı AzTV sədri A.Alışanovun xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında aparılan cinayət təqibinə xitam verilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə tərərflərin prosesə gəlməməsini əsas götürərək belə bir qərar qəbul edib. Q.Məhərmlinin vəkili Cavid Rzazadə məlumatı təsdiq edərək, heç bir hüquqi əsası olmadan icraata götürülmüş işə xitam verilməsini tamamilə məntiqə uygun nəticə kimi qiymətləndirib: “Aydın oldu ki, linqvistik ekspertizanın gedişində BDU-dan ayrılmış və Alışanovlar ailəsinə yaxın olan dilçilərin (Z.Şahbazova və T.İsmayılova) müsahibə mətni ilə bağlı verdikləri mənfi rəy də AzTV sədrinin köməyinə çatmayıb. Professor Q.Məhərrəmli bu rəylərin elmi cəhətdən əsassızlığını, sifarişlə yazıldığını sübut edib və bununla bağlı apelyasiya şikayəti verib. Bundan başqa ölkənin görkəmli dilçilərinin məlum müsahibədə heç bir təhqirin olmaması barədə rəylər də məhkəməyə təqdim edilib”. Qeyd edək ki, media eksperti Q.Məhərrəmli ötən ilin fevral ayında mətbuatda Azərbaycan telekanallarının ümumi vəziyyətini təhlil edərkən dövlət büdcəsindən maliyyələşən AzTV-nin də ciddi nöqsanlarını göstəmiş və bu nöqsanların əsas səbəblərindən biri kimi sədr A.Alışanovun qeyri-peşəkarlığını, intellektual bəsitliyini, yaradıcı menecmenti və idarəçiliyi bilməməsini göstərib onu kəskin tənqid etmişdi. A.Alışanov isə məhkəməyə müraciət edərək həm mülki qaydada Q.Məhərrəmlinin 100 min manat cərimə olunmasını, həm də xüsusi ittiham qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.(moderator.az)