Polkovnik Vaqif Əsədov: “Dünən Neftçilər prospektində heç bir tıxac yaranmayıb, yayılan foto KÖHNƏDİR”
Ötən gün axşam sosial şəbəkələrdə Bakının Neftçilər prospektində yaranmış nəhəng tıxacı əks etdirən görüntülər yayılıb. Sosial şəbəkə istifadəçiləri iddia edirdilər ki, həmin tıxacın yaranmasının səbəbi şəhərə yağan qar və yolların buz bağlamasıdır. Bu görüntülərə əsasən virtualaz.org və digər saytlar şəhərdə yaranmış tıxac barədə xəbər yaymışdı. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, ötən gün axşam Neftçilər prospektində heç bir tıxac yaranmayıb və sosial şəbəkələrdə yayılan foto köhnədir. “Həmin foto 2009-cu ilə aiddir. Kimlərsə dövlət yol polisini, yaxud şəhər təsərrüfatını qaralamaq üçün həmin fotonu yeni adı altında sosial şəbəkələrdə yayıblar, saytlar da bunu araşdırmadan xəbərə çevirib”-Vaqif Əsədov bildirib. Polkovnik Əsədov deyib ki, birincisi, ötən gün axşam Neftçilər prospektində heç bir buzlanma olmayıb. Çünki həmin ərazi çökəklikdir və dənizə yaxındır, qar yağdıqda belə dərhal buz bağlamır: “İkincisi, Neftçilər prospekti strateji əhəmiyyətli prospektdir, əgər orada hansısa sıxlıq yaransaydı belə DYP əməkdaşları dərhal müdaxilə edib hərəkəti tənzimləyəcəkdi. Neftçilər prospektinin ancaq Yusif Səfərov küçəsi ilə kəsişməsində günün pik saatlarında sıxlıq yaşanır ki, onun da qar, yaxud buzlanma ilə əlaqəsi yoxdur. Hər gün DYP əməkdaşları həmin kəsişmədə pik saatlarında nəqliyyatın hərəkətini tənzimləyir və tıxac yaranmasına imkan vermir. Hazırda həmin ərazidə yolun genişləndirilməsi işləri gedir və işlər başa çatandan sonra hesab edirəm ki, bu sıxlıq da yaranmayacaq”. Vaqif Əsədov bildirir ki, ümumiyyətlə “tıxac” və “sıxlıq” fərqli anlayışlardır, tıxac o deməkdir ki, nəqliyyatın hərəkəti tam dayanır. Bakı kimi 1.4 milyona yaxın avomobilin olduğu şəhərdə bu və ya digər küçələrdə günün pik saatlarında sıxlığın yaranması qaçılmazdır. “DYP əməkdaşları bütün mümkün olanı edir ki, yaranan sıxlıqlar tıxaca, nəqliyyat xaosuna çevrilməsin”-DYP polkovniki bildirib.