Azərbaycanlı Rusiya Millətlərarası Münasibətlər Şurasının eksperti OLDU
Rusiyada azərbaycanlı diaspor fəalı Araz Mürsəliyev Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti təyin olunub. AzerTaym.az APA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti yanında millətlərarası münasibətləri Şurasının miqrasiya məsələləri üzrə Komissiyasının qərarı ilə "Xalqlar Dostluğu" xeyriyyə Fondunun prezidenti, Rusiya Xalqlar Assambleyasının sədr müavini Araz Mürsəliyev millətlərarası münasibətlər üzrə prezident Şurası işçi orqanı yanında fəaliyyət göstərən ekspert qrupunun tərkibinə daxil edilib. A. Mürsəliyev Millətlərlə iş üzrə Federal Agentliyin Rusiya prezidenti yanında millətlərarası münasibətləri Şurasının miqrasiya məsələləri üzrə Komissiyası ilə birgə keçirdiyi iclasda iştirak edib. İclas iştirakçıları "Rusiya Federasiyasında xarici vətəndaşların sosial və mədəni adaptasiyası və inteqrasiyasi haqqında" federal qanunun hazırlanmasının gedişatını müzakirə ediblər. Qeyd edək ki, Rusiya Federasiyası prezidenti yanında Millətlərarası münasibətlər Şurası məsləhətçi orqandır. Bu qurum federal və regional hakimiyyət orqanlarının, ictimai birliklərin, elmi və digər təşkilatların qarşılıqlı fəaliyyətini təmin etmək üçün yaradılıb. Həmyerlimiz Araz Mürsəliyev Rusiyada aktiv diaspor fəaliyyəti ilə məşğul olur. O, eyni zamanda Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü, Dövlət Dumasının deputatı, "Yedinnaya Rossiya" fraksiyasının üzvü Hacımət Səfərəliyevin köməkçisidir. A. Mürsəliyevin rəhbərlik etdiyi "Xalqlar Dostluğu" Fondu Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsi, Rusiya Xalqlar Assambleyası və Moskva Hökuməti ilə birgə bir sıra layihələr həyata keçirir.