Məlahət İbrahimqızı: “Bəzi deputatlar reproduktiv sağlamlığın mahiyyətini BİLMİRLƏR”
Millət vəkili Məlahət İbrahimqızı “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul olunmasının əleyhinə olan bəzi deputatları və ginekoloqları tənqid edib. APA-nın xəbərinə görə, millət vəkili 2007-2015-ci illər üzrə Azərbaycan əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş işçi görüşdə deyib ki, bu günə qədər qanun layihəsi ilə bağlı müxtəlif tədbirlər keçirilsə də, bəzi deputatlar reproduktiv sağlamlığın fəlsəfəsini, mahiyyətini ya bilmirlər, ya bilmək istəmirlər, ya da qəbul etmirlər. Deputat qeyd edib ki, 125 millət vəkilinin 20%-ə qədəri qadınlar olsa da, bütün qanunların müzakirəsi və qəbulunda əsas üstünlüyü kişi deputatlar təşkil edir: “Reproduktiv sağlamlıq dedikdə o saat deyirlər ki, milli dəyərlərə ziddir. Bununla da qanunun ikinci oxunuşda qəbuluna problemlər yaradırlar. Qanunda ancaq surroqat ana məsələsi gündəmə gəlir”.
O bildirib ki, ilk illərdən qanun layihəsində mütləq surroqat ana məsələsinin olması vurğulanırdı: “Azərbaycanda nə qədər din dövlətdən ayrı olsa da, konservativ fikirli insanlar, xüsusilə millət vəkilləri, ginekoloqlar bu məsələyə dirəniş göstərdilər”.
M. İbrahimqızı ölkədə qadınların, anaların arzu olunmayan hamiləliyin qarşısının alınması üçün onların kontraseptiplərlə dövlət tərəfindən təmin olunması məsələsi önəmlidir. O, bu məsələnin qanun layihəsinə salındığını qeyd edib: “Məsələnin nə qədər önəmli olduğunu Maliyyə Nazirliyinə sübut etməliyik. Çünki, Maliyyə Nazirliyinin dəstəyi olmadan bu məsələ kağız üzərində qalacaq. Bu illər ərzində Maliyyə Nazirliyinə inandıra bilmədik ki, qadınların kontraseptipləri almağa imkanı yoxdur. İmkanlı adamların bununla təmin edilməsi lazım deyil. Biz kənd rayonlarında, ucqar kəndlərdə olanları, qaçqın qadınların vasitələrlə təmin olunmasını gündəmdə saxlamalıyıq”.