Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr HAZIRLAYACAQ
Qərb Universiteti növbəti tədris ilindən etibarən “Ekologiya mühəndisliyi” ixtisası üzrə kadr hazırlayacaq. Hazırda universitetdə ixtisasın tədris proqramının təkmilləşdirilməsi üçün xarici mütəxəssislərin də cəlb olunduğu işçi qrup işləyir, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübə öyrənilir və tətbiqi üçün işlər aparılır. Eyni zamanda, ən yüksək standartlara cavab verən laboratoriyaların qurulması istiqamətində addımlar atılıb. Laboratoriyaların təşkili bu sahədə böyük təcrübəsi olan Almaniya şirkətləri ilə birgə həyata keçirilir. Ən müasir cihazlarla təchiz olunacaq laboratoriyalarda aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq. AzerTaym.az
Qeyd edək ki, “Ekologiya mühəndisliyi” ixtisasının tələbələri bir sıra müvafiq dövlət qurumlarında və aparıcı özəl şirkətlərdə təcrübə keçəcəklər. Universitet bu istiqamət üzrə beynəlxalq layihələrə qoşulmağı, tələbələrinin müxtəlif beynəlxalq proqramlarda iştirakını təmin etməyi planlaşdırır. Tələbələrin dünyanın nüfuzlu universitetlərində təcrübə keçməsi üçün də müvafiq işlər aparılır.
İxtisas üzrə aşağıdakı istiqamətlər üzrə tədris aparılacaq: “Tullantısız istehsal prosesləri, tullantıların təkrar emalı”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi”, “Mühəndisi geodeziya”, “Ekoloji ekspertiza və layihələndirmənin əsasları”, “Alternativ enerji mənbələri”, “Ekoloji səmərəli texnologiyalar”, “Ekoloji modelləşdirmə”, “Ekoloji proqnozlaşdırma”, “İnformatika və ekoloji proseslərin kompüter analizi” və s.