“Məcburi köçkünlərin problemlərinin həlli prioritetdir”
“Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilk müşavirəsini məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həllinə həsr etdi. Bu, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin prioritet məsələlər sırasında yer aldığını bir daha təsdiqləyir”. AzerTaym.az xəbər verir ki, bunu bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında Ailə, Qaldın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, qaçqın və məcburi köçkünlərin, o cümlədən onların uşaqlarının, qadınlarının problemlərinin həlli diqqət mərkəzində olub. “Azərbaycanda qadınların sahibkarlıq sahəsində bacarıqlarının inkişafına yönəlik layihələr həyata keçirilib, qadın sahibkarlara dəstək verilib. Azərbaycanda təsdiqlənən strateji yol xəritələrində qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsi xüsusi diqqət mərkəzindədir. Regionlarda qadın sahibkarların fəaliyyətinin genişlənməsi də qarşıya qoyulan əsas məqsədlərdən biridir”. H. Hüseynova qeyd edib ki, Azərbaycanda qadın sahibkarlara diqqət sayəsində qadınların cəmiyyətdə rolu artıb . “Bu, həm də gender bərabərliyinin təmin olunmasında mühüm rol oynayır”.