Pənah Hüseyn:“Dəmirəl “ruslarla razılaşmaq lazımdır” deyərək bu plana QARŞI ÇIXDI”

1990-cı illərin əvvəllərində ermənilər Qarabağda bir-birinin ardınca Azərbaycan kəndlərini və şəhərlərini işğal edəndə, dinc əhaliyə qarşı qətliamlar törədəndə Türkiyənin Bakıya hərbi yardım göstərməməsinin səbəbi prezident Turqut Özalla baş nazir Süleyman Dəmirəl arasında çəkişmələr olub.

Bu haqda Türkiyənin ahaber.com saytı (eyni adlı telekanalın saytı-red.) yazıb.

Sayt qeyd edib ki, 1992-ci ildə yenidən siyasət səhnəsinə qayıdan Süleyman Dəmirəl seçkilərdəki ən böyük rəqibi Turqut Özala qarşı intriqa aparırdı. Onların arasındakı çəkişmələr üzündən iqtisadiyyata dair kritik qərarlar verilməyib, təyinatlar gecikdirilib, ölkənin maliyyə sistemi çöküb.

Sayt sonra yazır ki, 8-ci prezident Turqut Özalla baş nazir Dəmirəl arasında çəkişmələr Azərbaycan və Ermənistan arasında müharibə zamanı da özünü göstərib. Özalın bütün səylərinə baxmayaraq, Dəmirəl Azərbaycana dəstək verilməsinə əngəl olub, nəticədə, minlərlə azərbaycanlı ermənilər tərəfindən qətl edilib. Ermənistan qətliamların ardınca Qarabağı işğal edib.
Qeyd edək ki, Turqut Özalın prezidentliyi ilə Süleyman Dəmirəlin baş nazir olduğu dövr Qarabağ müharibəsinin ən dəhşətli zamanı idi. Həmin dövrdə Azərbaycanda hakimiyyətdə AXC, prezident Əbülfəz Elçibəy idi. Elçibəyin Turqut Özalla daha yaxın dostluq münasibətlərinin olması heç kəsə sirr deyil. Süleyman Dəmirəllə münasibətlər isə heç də dostluq münasibətləri adlandırılacaq səviyyədə olmayıb...

Elçibəy hakimiyyətinin baş naziri olmuş Pənah Hüseynlə əlaqə saxlayıb “Turqut Özalla baş nazir Dəmirəl arasında çəkişmələr Azərbaycan və Ermənistan arasında müharibə zamanı da özünü göstərib. Özalın bütün səylərinə baxmayaraq, Dəmirəl Azərbaycana dəstək verilməsinə əngəl olub” iddialarının nə dərəcədə doğru olub-olmadığını soruşduq. Pənah Hüseyn bildirdi ki, əslində bu suala cavabı onun 4 iyul 2014-cü ildə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə tapmaq olar. O, indi əlavə hər hansı bir fikir bildirmək istəmədiyini dedi.

Biz də həmin arxivdən həmin müsahibəni tapdıq və bir daha diqqətlə tanış olduq. Müsahibədə P.Hüseynin dediklərindən belə bir qənaətə gəlmək olur ki, həqiqətən də Dağlıq Qarabağ müharibəsində Azərbaycanın xeyrinə işləyəcək çox ciddi bir plan olub. Lakin Türkiyəni bu planı həyata keçirməyə dəstək verməkdən yayındıran hadisələr, güclər olub. Turqut Özalın qəfil ölümü planın həyata keçirilməsinin qarşısını alıb.

Pənah Hüseyn bildirib ki, o dövrdə Qarabağ müharibəsi, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması üçün istər hərbçilər, istərsə də siyasətçilər tərəfindən müxtəlif layihələr təklif edilib, onların müzakirələri aparılıb. Naxçıvan istiqaməti bu layihələrdə daim yer alıb: “Səbəbi də aydın idi. Bir tərəfdən Naxçıvan blokada vəziyyətində idi; ermənilərin əsas işğal hədəflərindən biri elan edilirdi və bu işğal təhdidi sadəcə bəyanatlarla müşayiət olunmurdu. 1990-cı ildən başlayaraq Naxçıvan şiddətli döyüşlərin getdiyi real müharibə cəbhələrindən biri idi. Naxçıvan blokada vəziyyətində idi və bu blokadanın aradan qaldırılmasının təbii yolu bir çoxlarına Zəngəzurun, Mehri dəhlizinin hərbi yolla azad olunması kimi görünürdü. İndiki terminologiyadan istifadə etsək, hesab edilirdi ki, bu bir növ humanitar əməliyyat kimi dünya tərəfindən başa düşülə bilər. Geosiyasi amillər, daha dəqiqi, Türkiyə amili bu variantı çox cəlbedici edirdi. Hesab edilirdi ki, bir halda ki, Rusiya açıq-aydın Ermənistana kömək edir; bu halda Türkiyənin Azərbaycan tərəfindən problemə müdaxiləsi Naxçıvandan başlaya bilər. Çünki SSRİ və Türkiyə arasındakı Qars müqaviləsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyi üçün təminatçı idi. Türkiyənin müdaxilə məsələsi elə də xəyal deyildi. Bir sıra hərbçilər əsaslandırırdılar ki, sırf hərbi baxımdan yalnız cəbhə xəttinin genişləndirilməsi və əməliyyatların Ermənistan ərazisində keçirilməsi təcavüzkarın qüvvələrinin parçalanmasına, Qarabağdan bəzi qüvvələrin Ermənistana aparılmasına səbəb ola və nəticə etibarı ilə onları sülhə məcbur edə bilər”.

Image result for Pənah Hüseyn

P.Hüseynin sözlərinə görə, Mehri dəhlizinin azad edilməsi məqsədilə Naxçıvan və Zəngilan istiqamətindən eyni zamanda hücum edilməsi məsələsi aktual olaraq gündəmə Kəlbəcərin işğalı zamanı gətirilib: “Fəlakətli vəziyyət yaranmışdı və Kəlbəcərin işğalından başqa, Gəncə təhlükəyə düşmüşdü. Hətta Ermənilərin rus qoşunlarının köməyi ilə Bakı-Tiflis xəttinə çıxması təhlükəsi vardı. Martın ortalarında Bakı - Ceyhan neft kəməri haqqında İstanbulda dövlətlərarası saziş imzalanmışdı və belə halda bu layihə, bütövlükdə yekunlaşmaqda olan neft müqavilələri təhlükəyə düşürdü. Odur ki, problem ətrafında o vaxta qədər olmayan dərəcədə geosiyasi canlanma və gərginlik yaranmışdı. Vəziyyətdən çıxış yolu kimi biz yuxarıda adıçəkilən planı gündəmə gətirdik. Plan barədə o vaxt Azərbaycanda olmaları gizli olmayan türk hərbi məsləhətçilərinin də məlumatı vardı. Aprelin 7- si və 8- də o vaxt Orta Asiyada səfərdə olan Türkiyə prezidenti Turqut Özalın məşhur bəyanatı səsləndi. Bu, belə idi: ”Əgər türk diviziyaları Ermənistan sərhədində təlimlərə başlasalar və bu zaman mərmilər Ermənistana düşsə nə olar?!" Aprelin 7- 8 də mən Ankarada oldum. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Doğan Güreş və Qərargah heyəti , Türkiyə baş naziri və digər hökumət nümayəndələri ilə bu məsələlərin konkret müzakirəsi aparıldı. Habelə Turqut Özalın Orta Asiya səfərini yekunlaşdırıb Bakıya gəlməsi zamanı bu məsələlər prezidentlər arasında müzakirə edildi. Bizim əsas arqumentlərimizdən biri ondan ibarət idi ki, Türkiyənin məsələyə birbaşa müdaxiləsi və bu zaman Rusiya ilə gözlənilən qarşıdurma problemin masştabını daha da genişləndirir və böyük ehtimalla, ciddi regional sarsıntı, genişmiqyaslı müharibə olmadan da məsələnin nizamlanmasına səbəb olardı. Aprelin 12- də mən yenə bu məsələlərlə bağlı Tehranda oldum və prezidentin müraciətlərini İran rəhbərliyinə çatdırdım. O vaxt Naxçıvan əməliyyatı planı hərbi baxımdan reallaşma mərhələsinə keçmədi. Bir çox səbəbləri var... Turqut Özal vəfat etdi, prezident Süleyman Dəmirəl oldu, Azərbaycanda isə çevriliş həyata keçirildi".

Xatırladaq ki, Pənah Hüseynin yazılarında və müsahibələrində bir neçə dəfə qeyd edilib ki, yuxarıda haqqında söhbət açılan plan onun iştirakı ilə 1993-cü il aprelin 7-8 də Türkiyə Silahlı Qüvvələri Genəl Qurmayında və o vaxt Türkiyə Baş Naziri Süleyman Dəmirəllə müzakirə edilib. Lakin Süleyman Dəmirəl “Ruslarla razılaşmaq lazımdır” deyərək bu plana qarşı çıxıb.

 






Fikirlər