“Lazım olanda onlara işıq veririk” - Nazim MƏCİDOV
12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarına sayılı günlər qalıb. Oyunlarla bağlı hazırlıqlar artıq yekunlaşmaq üzrədir. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub. İdmançılarla yanaşı xeyli sayda turistlərin və azarkeşlərin də ölkəmizə gəlməsi gözlənilir. Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov oyunlara hazırlıqla bağlı BakiPost.az-ın suallarını cavablandırıb. – Nazim müəllim, Bulvar İdarəsi 12-22 may tarixlərində keçiriləcək İslam Oyunlarına necə hazırlaşır? Hansı işlər görülüb? - Bulvar İdarəsi bu cür bütün mötəbər tədbirlərə artıq hazırdır. Bizim üçün elə bir yenilik yoxdur. Çünki "Avroviziya” mahnı müsabiqəsi də bulvar ərazisində keçirilmişdi. Həmçinin I Avropa Oyunları zamanı da, bulvar ərazisində bir neçə idman sarayları var ki, yarışlar orada keçirilirdi. Həmin vaxt həm idmançıların, həm də qonaqların və turistlərin sayı bulvar ərazisində çox idi. İndi biz belə mötəbər yarışların keçirilməsi üçün lazım olan bütün işləri bilirik və hazırıq. Bizim qeyri-adi bir işimiz yoxdur. Yəni, əsasən böyük tədbirlər zamanı idmançılarla yanaşı çoxlu azarkeşlər, qonaqlar və turistlər gələcək. Onun üçün ən əsas məsələlərdən biri bizim bulvar ərazisində fəaliyyət göstərən obyektlərdə insanların rus və ingilis dilini bilməsi və hər iki dildə danışmaq qabiliyyətinin olmasıdır. Artıq neçə illərdi ki, bu, bizdə adət halını alıb. Bütün obyektlərdə, karusellərdə, restoran və kafelərdə həm ingilis, həm də rus dilini bilən işçilərin sayı çoxdur. Bundan əlavə bizim mühafizə xidmətinin əməkdaşları arasında da hər iki dili bilənlərin sayı çoxdur. Həmçinin biz onlara vaxtaşırı xüsusi treninqlər keçirik. Hazırda da bu proses davam edir. Eyni zamanda bulvar ərazisində olan bütün obyektlərdə post terminallar fəaliyyət göstərək. Məsələn, ölkəmizə gələn qonaqlar və ya turistlər alış-veriş edən zaman onlarda Azərbaycan valyutası yoxdursa, pul mübadilə etdirməyi çatdırmayıblarsa, banklar bağlı olubsa, bütün obyektlərdə olan post terminallardan istifadə edə biləcəklər. - Xaricdən gələn qonaqlar bulvar ərazisində "Wi-Fi” sistemindən istifadə edə biləcəklər? - Bulvar ərazisində "Wi-Fi” sistemi barəsində də problem yoxdur. Bulvar ərazisinin əksər yerində "Wi-Fi” sistemi var. Ona görə də xarici turistlər, qonaqlar və idmançılar üçün telefonla əlaqə saxlamaq, internetə girmək, WhatsApp ilə danışmaq kimi problemlərin hamısı artıq həll olunub. - Oyunların keçiriləcəyi idman sarayları və zalları ətrafında təhlükəsizlik tədbirləri görülübmü? - Dənizkənarı Bulvar ərazisində bir neçə idman sarayı var ki, onlar İslam Oyunlarında da yarışlar üçün istifadə olunacaq. Məsələn, əvvəl hamının Əl Oyunları İdman Sarayı kimi tanıdığı, amma indiki Bakı İdman Zalının ərazisi artıq təhlükəsizliyə görə xüsusi hasara alınıb ki, yarışlar zamanı xüsusi icazəsi olmayan kənar şəxslər zala daxil ola bilməsin. Bu proses indi Su İdman Sarayının, Crystal Hall konsert zalının ətrafında aparılır. Ümumiyyətlə bulvar ərazisində nə qədər böyük idman sarayları və zalları varsa, onların hamısında bu işlər aparılır. Təbii ki, bu işləri İslam Oyunları təşkilat komitəsi aparır. Amma Bulvar İdarəsinin köməyi olmasa, onlar bunların heç birini edə bilməz. Bulvar İdarəsi öz tərəfindən onlara lazım olan bütün köməkliyi edilir. Məsələn, onlara lazım olanda işıq veririk, su xəttinin verilməsinə kömək edirik. Elə texnika var ki, biz onları bulvar ərazisinə buraxmırıq. Amma bulvarın həmin işləri görə bilən öz texnikası var. Lazım olduqda biz həmin işlərin görülməsində köməklik edirik. Yəni bütün bunlar dövlətimizin ümumi işidir. Buna görə də Bulvar İdarəsi bu işlərə öz doğma işi kimi münasibət göstərir və təşkilat komitəsinə hər cür yardım edir. - Beynəlxalq yarışlar zamanı bulvar ərazisində qiymətlər necə olacaq? - Bazar iqtisadiyyatında qiyməti bazar özü tənzimləyir. Bulvar ərazisində də bütün qiymətlər eynilə hesablanır. Yəni, Bulvar İdarəsi nə qiyməti artıran, nə də azaldan təşkilatdır. Amma respublikada nəyinsə qiyməti qalxırsa, bu, bulvar bazarına da təsir edir. O zaman bulvarda da qiymət arta bilər. Yaxud da respublikanın hər yerində hansısa məhsulun qiyməti düşən zaman, təbii ki, bulvarda həmin məhsulu ucuzlaşdırılmalıdır ki, bazarla uyğunlaşıb öz alverini edə bilsin. Amma süni qiymət artımından söhbət gedə bilməz. Çünki bütün restoran və kafelərdə menyu ilə bərabər, satılan məhsulun adından başqa onun onun çəkisinə və miqdarına görə qiyməti də qarşısında qeyd olunur. Bu səbəbdən alıcıya heç bir satıcı, ofisiant, müdir orada göstərilən qiymətdən artıq qiymət deyə bilməz. Eyni zamanda bulvar ərazisində satış köşkləri var. O köşklərdə hər bir məhsulun qiyməti üstündə yazılıb. Yəni orada hansısa qiymət qoyulubsa, deməli bu təsdiq olunmuş qiymətdir. Ondan heç kəs bir qəpik də baha sata bilməz. Əgər kimisə aldadırlarsa, təbii ki, onun şikayət etməyə ixtiyarı var. Ona görə də qiymətlərin bahalaşması mümkün deyil. Buna həm Bulvar İdarəsi, həm də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti daima bu işə nəzarət edir. - İslam Oyunları ərəfəsində bulvarda hansısa tədbir və konsertlərin həyata keçirilməsi planlaşdırılırmı? - Mənim məlumatıma görə, oyunların açılış və bağlanış günü Bakı Şəhər İcra Hakimiyyəti atəşfəşanlıq keçirməyi planlaşdırır. Amma atəşfəşanlığın hansı saatda ediləcəyini indi deyə bilmirəm. Çünki bu ümumi plana daxildir. Biz icra hakimiyyətindən məlumat almışıq ki, həm 12-si, həm 22-də oyunların şərəfinə atəşfəşanlıq gözlənilir. Amma konsert proqramı ilə bağlı hələ ki, bizdə məlumat yoxdur. Əgər konsert olsa, bunu oyunların təşkilat komitəsi, ya da icra hakimiyyəti təşkil edəcək. Bulvar İdarəsinin özü isə belə bir konsert proqramını keçirməyi planlaşdırmır. AzerTaym.az