Nərimanovda qələbənin 72-ci ildönümü QEYD EDILDI

Nərimanovda qələbənin 72-ci ildönümü qeyd edildi

9 may 2017-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 72-ci ildönümü ilə əlaqədar mərasim keçirilib.

AzerTaym.az-a daxil olan məlumata görə, Böyük Vətən müharibəsi veteranları, Milli Məclisin deputatları, MDB ölkələrinin ölkəmizdəki səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbçilər, gənclər, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Böyük Vətən Müharibəsində, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şahinlərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündən fəxri keçidi olub.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə veriyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu bildirərək, həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini vurğulayıb.

MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib. Səfir, Azərbaycanın müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasında verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandırıb.

 

 








Fikirlər