Azərbaycan TİBB Universitetində müharibə veteranları İLƏ GÖRÜŞ keçirildi
Bu Azərbaycan Tibb Universitetində (ATU) 9 may Qələbə Günü ilə bağlı II Dünya müharibəsi və arxa cəbhə veteranları ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli Böyük Vətən müharibəsi veteranlarını və tədbir iştirakçılarını Faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə təbrik etdi. “Müharibə illərində göstərdiyiniz fədakarlığı heç vaxt unutmayacağıq” – deyən rektor Gəray Gəraybəyli qeyd etdi ki, Azərbaycan xalqı istər ön, istərsə də arxa cəbhədə çox böyük qəhrəmanlıqlar edib: “Müharibədə qazanılan qələbədə Azərbaycanın böyük payı var. 700 minə yaxın azərbaycanlı bu müharibədə iştirak edib, onların təxminən yarısı həlak olub”. O, həmçinin ATU-da bu bayramın qeyd edilməsinin, veteranlarla görüşün çox gözəl ənənə olduğunu bildirdi: "Uşaqlıqdan 9 may günü ən xoş, sevimli bayramlardan idi bizim üçün. Bir ara Qələbə bayramının daha qeyd olunmayacağı kimi söhbətlər ortaya çıxdı, lakin fikrimcə bu, tamamilə yalnış fikir idi. Sağ olsun ulu öndər Heydər Əliyev cənabları ki, zamanında bu məqama diqqət yetirib və bu bayramın ölkəmizdə də təntənəli şəkildə qeyd olunmasına qərar verib". Görüşdə həmçinin ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov, ATU-nun Mülki Müdafiə Qərargahının rəisi Firdovsi Məmmədov da iştirak ediblər. Tədbirdə universitetdə çalışan müharibə veteranları və “1941-1945-ci illərdə vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilmiş arxa cəbhə veteranları ATU rəhbərliyi tərəfindən hərbi vətənpərvərlik mövzusunun təbliğində xüsusi fəallıqlarına görə mükafatlandırıldılar. ATU-nun veteran təmsilçiləri - terapevtik stomatologiya kafedrasının dosenti, müharibə veteranı Mirzəyev Rüstəm Bəhman oğlu, uşaq vəyeniyetmələrin gigiyenası kafedrasının dosenti, arxa cəbhə veteranları Orucov Rəhim Alməmməd oğlu, kommunal və qidalanma gigiyenası kafedrasının professoru Qasımov Maqsud Səfər oğluna 500 AZN məbləğində pul mükafatı və hədiyyələr təqdim olundu.Müharibə veteranları da rektor Gəray Gəraybəyliyə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər, müharibə illəri ilə bağlı xatirələrini danışdılar. Tədbirdə qeyd edildi ki, təqribən 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.