09.05.2014. - Qələbədən 69 il keçir

09.05.2014. -  Qələbədən 69 il keçirDünya xalqlarının faşizm üzərində qələbəsindən 69 il keçir.

1945-ci il may ayının 9-da Böyük Vətən müharibəsi başa çatdı və faşist Almaniyası təslim oldu.


1941-ci il iyunun 22-də alman qoşunlarının Sovet İttifaqının sərhədlərini keçməsi ilə başlayan bu müharibədə faşizmə qarşı Azərbaycan xalqı da fəal mübarizə aparıb. Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Xıdır Mustafayev, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazıblar.

İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi.
Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.







Fikirlər