01.05.2014. - Veteranların təqaüdü artırıldı: 700 manat da maddi yardım veriləcək
Sərəncamda qeyd olunur ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 69-cu ildönümü ilə əlaqədar olaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 700 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 300 manat məbləğində birdəfəlik maddi yardım verilsin.
Bu sərəncamın icrası məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 7,6 milyon manat ayrılır.
Maliyyə Nazirliyinə həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etmək; Dövlət Sosial Müdafiə Fonduna isə birdəfəlik maddi yardımın bu sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Prezident həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında da sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli sərəncamının 1-ci hissəsində təsbit edilmiş Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2014-cü il may ayının 1-dən artırılaraq 100 manat müəyyən edilsin və həmin hissədə "55 (əlli beş)" sözləri "100 (yüz)" sözləri ilə əvəz edilsin.