İndiyədək heç bir yerdə işləməyən və sosial ödənişləri etməyən vətəndaş işsiz sayılmır
İşsiz statusu isə yalnız ixtisarlarla və yaxud da hansısa səbəbdən əmək şəraitinin şərtlərinin dəyişməsi səbəbindən işdən azad edilən vətəndaşlara verilir
Milli Məclisdə yeni hazırlanan "İşsizlikdən sığorta haqqında” qanun layihəsinə görə işdən çıxarılan şəxslər növbəti işi tapana qədər 9 ay işsizlik müavinəti ala biləcəklər. Həmin vəsaiti isə yeni yaradılacaq sığorta fondu ödəyəcək.
Milli Məclisin Əmək və sosial-siyasət komitəsinin iclasında müzakirə olunan qanun layihəsinin bəzi maddələrinə millət vəkilləri etiraz ediblər. Bunlardan biri əgər işsiz olan adama 2 dəfə iş təklif olunarsa, onu rədd etdikdə müavinətin avtomatik olaraq kəsilməsidir. Millət vəkilləri qeyd ediblər ki, bu məqamda sui-istifadə halları çox olacaq. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
"İşsizlikdən sığorta haqqında” qanun layihəsi ilə bağlı "Şərq”ə açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, hazırda işsiz status olan vətəndaşlara Dövlət Sosial Müdafiə Fondundan ayrılan 5 milyon manatın bölgüsündə ciddi qeyri-şəffaflıq hökm sürür. Lap şəffaflıq olsa belə, məbləğ həddindən artıq az olduğu üçün ədalətli bölgünün aparılması inandırıcı görünmür.
"İşsizlikdən sığorta haqqında” qanun layihəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlandığını vurğulayan S.Məmmədov layihənin ictimaiyyət üzvləri, ekspertlərlə müzakirə edilmədən birbaşa Milli Məclisə təqdim edilməsindən narazıdır: "Heç biz o layihənin üzünü belə görməmişik, ancaq dünya praktikasından bilirəm ki, bir sıra ölkələrdə bu təcrübədən istifadə olunur. Yeni layihədə işləyən vətəndaşların və işəgötürənlərin sosial ödənişlərinin artırılması nəzərdə tutulur. Nazirlik hesab edir ki, qanun qüvvəyə minəcəyi halda 80 milyona yaxın vəsait toplanacaq. Bu vəsait isə işəgötürənlərdən və işləyən şəxslərdən tutulacaq. İndiki halda 22 faiz sığortanı işəgötürən ödəyir, 3 faiz də işçidən tuturlar. Amma sözügedən qanun qəbul olunacağı halda hər iki tərəfin hesabından yarım faiz artıracaqlar. Yeni layihədə həmin rəqəmlər müvafiq olaraq 3,5 faiz və 22,5 faiz müəyyən olunacaq. Bununla sosial müavinətlərin ödənilməsinə ayrılan vəsaitlərin təxminən 82 milyon manata çatacağı gözlənilir. Lakin bu da problemin tam həll olunmasına imkan verməyəcək. Əksinə, yeni qanun işçilərlə işəgötürənlərin yükünü artıracaq”.
Hər işsizin müavinət ala bilməyəcəyini vurğulayan hüquq müdafiəçisi hesab edir ki, işsizlik statusu yalnız özündən asılı olmayan səbəblərdən işini itirən şəxslərə şamil olunacaq, iş axtaranlara yox: "İndiyədək heç bir yerdə işləməyən və sosial ödənişləri etməyən vətəndaş işsiz sayılmır. Onlar iş axtaran kimi qeydiyyata alınır.
İş axtaranla işsizlik statusu alanlar isə tam fərqli anlayışlardır.
İş axtaranın işsizdən fərqi ondan ibarətdir ki, iş axtaranlara müavinət verilmir.
Sadəcə iş axtaranlara mövcud vakansiyalar təklif edilir. Onlar iş tapdıqdan sonra siyahıdan çıxarılır. İşsiz statusu isə yalnız ixtisarlarla və yaxud da hansısa səbəbdən əmək şəraitinin şərtlərinin dəyişməsi səbəbindən işdən azad edilən vətəndaşlara verilir. Yəni, hansısa müəssisənin bağlanması və ya orada aparılan ixtisarlar nəticəsində işini itirən insanlar məşğulluq orqanlarında qeydiyyata alınır və işsizlik statusu verilir. Onlara işsiz statusunun verilməsi üçün əmək müqavilələrinin olması mühüm şərtdi. Yəni, xidmət müqaviləsi və digər formada işləyən vətəndaş işini itirdikdə işsiz status ala bilməyəcək. Heç işdən öz ərizəsi ilə azad edilən işçilərə də işsiz statusu verilmir”.
Qanunun effektiv olmayacağını vurğulayan S.Məmmədovun sözlərinə görə, Məşğulluq Mərkəzi müraciət edən şəxslərə elə iş təklif edir ki, vətəndaş imtina etməli olur:
"İşsizlik statusu alan vətəndaş işlədiyi şirkətdən aldığı əmək haqqına uyğun müavinət ala bilər. Ancaq bunun da müəyyən şərtləri var. Vətəndaş işini itirdikdən sonra məşğulluq orqanına müraciət edərək qeydiyyata alınır. Bundan sonra ona 2 dəfə layiqli iş - ixtisasına, ictimai mövqeyinə uyğun iş təklif edilməlidir. Əgər vətəndaş həmin təklifi qəbul edərsə, yeni işinə başlayacaq.
Əgər ona ixtisasına uyğun iş təklif edilməzsə, bu zaman işsiz kimi qeydiyyata alınaraq müavinət verilir. Mərkəz isə qeydiyyata alınan şəxslərə şəhərdən 50 kilometr uzaqlıqda və 120 manat əməkhaqqı olan iş təklif edir. Belə işə də kim razı olar ki?! İkinci dəfə təklif etdikləri iş yeri də sərfəli olmadığı üçün vətəndaş ondan da imtina edir və onlar da müavinəti kəsəcəklər. Bu mənada qanundan ciddi bir şey gözləmirəm”.