“Kitayski” avtomobillər vətəndaşlara necə sırınır? – Servis və zəmanət yox, qiymət isə CİB YANDIRIR (FOTO)

Son iki ildə Azəbaycanda Çin istehsalı olan avtomobillərin satışı kəskin artıb. Bu avtomobilləri alan şəxslər texniki nasazlıqla bağlı problemlə qarşılaşırlar.
Çin istehsalı olan avtomobillər Almaniyanın, Koreyanın, Yaponiyanın və digər ölkələrin avtomobillərinin dəyərində kredit və ya lizinq yolu ilə vətəndaşlara satılır. Azərbaycanda Çinin "Chery”, "Changan”, "Ssang Yong” və.s marka avtomobillərinin daha çox satılmasının səbəbi kredit və lizinqdə ilkin ödənişin aşağı olmasıdır. Çində bizim valyuta ilə desək 1500-2000 manata satılan maşınların ölkəmizdəki qiyməti 14-21 min AZN arasında dəyişir. Təzə avtomobil alan şəxslər bir müddət sonra onu satmaqda çətinlik çəkirlər. Səbəb isə həmin avtomobillərin ehtiyyat hissələrinin baha olması və tapılmamasıdır.
Unikal.org –a adının çəkilməsini istəməyən xanım istehlakçı yazır ki, lizinq yolu ilə "Changan CX20” avtomobilini almaq üçün 5 min manatdan artıq pul xərcləyib. Onun aylıq 330 manat ödəmək şərti ilə 39 aylıq kredit borcu var.
Hazırda avtomobilini ilkin ödənişi qiymətinə sata bilməyən xanım bildirir ki, maşını almaq istəyən müştəri eşidəndə ki, 39 aylıq krediti qalıb, fikrini dəyişir: "Müştəri fikirləşir ki, mənim avtomobilimə 18 min manat ödəyənə kimi gedib avropa istehsalı olan maşın alar. Alıcılara demək məslhətim odur ki, Çin istehsalı olan avtomobilləri almasınlar. Baha olmasına baxmayaraq Avropa istehsalı olan avtomobillərə üstünlük versinlər. Əks halda mənim durumuma düşəcəklər”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Unikal.org-a deyib ki, Çin istehsalı olan avtomobillərlə bağlı rəhbərlik etdiyi təşkilata şikayətlər daxil olur: "İstehlakçıların ən çox qarşılaşdığı problem Çin istehsalı olan avtomobillərin zəmanət müddətində normal servis xidmətinin göstərilməməsidir. Hətta, bununla bağlı şikayəti araşdırarkən Çin səfirliyinə qədər gedib çıxdıq. Səfirin iqtisadiyyat attaşesi dedi ki, bu məsələ bizlik deyil. Şirkət avtomobili zəmanətlə satır, ancaq sonradan servis göstərməkdən imtina edir. Çin istehsalı olan avtomobillərin şinlərinin vaxtı keçmiş olması da əsas problemlərdən biridir. Digər avtomobil modelləri ilə bağlı da şikayətlər var”.
Nəqliyyat sahəsi üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov isə problemin çıxış yolunu bunda görür: "Bir müddət əvvəl ölkəmizdə "Avro-4” ekoloji standartı tətbiq olundu. Ondan əvvəl təhlükəsizlik yastıqları, "ABC” əyləc sistemi və.s kimi sərt texniki tələblər qoyuldu. Mən bu qərar qəbul edilən zaman proqnoz vermişdim ki, dünyanın ucuz avtomobil istehsal edən ölkələrindən Azərbaycana avtomobil axını olacaq. Ucuz maşın istehsal edən məşhur ölkələr Çin, Rusiya, İran və Hindistandır. Yaxşı ki, Hindistandan bura axın yoxdur. Bu ölkələrdə avtomobil istehsalının ucuz başa gəlməsi əməyin ucuz olması ilə yanaşı, avtomonillərin ən minimal keyfiyyətdə detal, təhlükəsizlik sistemi, aqreqatla təmin edilməsi ilə bağlıdır. Əslində bu avtomobillər standartlara cavab verir, ancaq bu çox aşağı səviyyədədir. Yəni istehsalda ən ucuz texnologiyanı tətbiq edirlər.
Azərbaycanda istehlakçılar aldadılması, onların etibarından sui-istifadə, hüquqlarının pozulması hallarına yol verilməməlidir. Bir neçə fakt olandan sonra müvafiq dövlət qurumları qanun çərçivəsində müdaxil etməlidirlər ki, istehlakçı hüquqlarının pozulması halları baş verməsin”.AzerTaym.az






Fikirlər