Uşaqların kütləvi zəhərlənməsinin səbəbi qorxulu VİRUS İMİŞ
Aidiyyatı rəsmi qurumlar və şəxslər təhlükəli infeksiyanın su ilə yayıldığını bildirir; "Azərsu" isə razılaşmır... İyunun 10-da Hacı Zeynalabdin Tağıyev, Novxanı kəndi, Saray və Ceyranbatan qəsəbəsində yaşayan 2-7 yaş aralığında olan 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. İlkin versiya olaraq zəhərlənmənin sudan baş verdiyi deyilsə də, “Azərsu” bu məlumatı təkzib etdi. Bu barədə müxtəlif versiyalar irəli sürülür. Kimisi uşaqların yediyi nədənsə zəhərləndiyini dedi. Zərərçəkmiş uşaqların valideynləri uşaqlarının səhhətinin məhz su içdikdən sonra pisləşdiyini bildirmişdilər. Nəhayət, iyunun 12-də zəhərlənməyə səbəbin su olduğu açıqlandı. Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev isə “Yeni Müsavat”a açıqlamasında zəhərlənməyə səbəbin su olduğunu dedi: “Aşkar olunmuş xəstələrdən götürülmüş nümunələrdə rotavirus aşkar edilib. Bunun da əsasən su ilə keçməsi ehtimal olunur. Çünki bu virus daha çox su ilə keçir. Ola bilsin ki, uşaqlar çirklənmiş çiy su içiblər. Bununla da əlaqədar zəhərlənmə baş verib. Mikroorqanizmlərə çirklənmiş su daxil olub. Ola bilsin ki, təmiz suya çirkab sular qarışıb. Suda təmizlənmə və dezinfeksiya işləri aparılıb. Bu işlər mütəmadi olaraq davam etdiriləcək. Aparılan laborator müayinələrin sayı da artırılıb. Bu gün də biz həmin ərazidən su nümunələrinin götürülməsini davam etdiririk. Hazırda ayın 9-10-da götürülmüş su nümunələrinin nəticələrinə görə, suyun tərkibi bütün standartlara cavab verir. Amma hadisə ayın 7-də baş verib və o gün suyun tərkibində nəyin olub-olmadığına dair nə isə demək mümkün deyil. Çünki ayın 7-dən sonra suda xlorlama işləri aparılıb”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova isə xəstəxanada 46 uşağın qaldığını dedi: “Qan analizləri nəticəsində uşaqlarda rotavirus infeksiyası aşkar edilib. 4 gün ərzində 136 uşaqda infeksiyalar baş verib. Müalicə və profilaktik məqsədlə uşaqlara xəstəxanada tibbi yardım göstərilib. Hazırda xəstəxanada 46 uşağın müalicəsi davam etdirilir. Bu uşaqların vəziyyəti kafidir və müalicələri davam edir. İnfeksiya baş vermiş ərazilərdə tibbi profilaktik tədbirlər və əhali arasında sanitariya maarifi işləri davam etdirilir. Həm də baş vermiş hadisə Səhiyyə Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin aparıcı mütəxəssisləri tərəfindən hadisənin səbəblərinin araşdırılmasına və aidiyyəti qurumlarla birgə kompleks tədbirlər həyata keçirilməsinə başlanılıb. Artıq zəhərlənmə diaqnozu ilə heç kim xəstəxanaya müraciət etmir. 136 uşaqdan da 46 nəfər uşaq xəstəxanada qalıb. Mənə elə gəlir ki, onları da yavaş-yavaş evə buraxacaqlar. Biz bu uşaqlarda rotavirus olduğunu aşkarladıq. Bu virus yüngül qızdırma və ishalla müşahidə olunur”. Respublika Gigiyena və Epidemiologiya Mərkəzində baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva isə lent.az-a bildirib ki, “Rotaviorus” infeksiyası əsasən çirkli əllər vasitəsilə keçir.
Bu infeksiyanın uşaqlar arasında geniş yayıldığını deyən A.Əliyeva bildirib ki, infeksiya çiy sudan da keçə bilər: “”Rotavirus" infeksiyasına qarşı peyvənd var, amma ölkəmizdə bu virus geniş yayılmadığı üçün buna qarşı peyvənd tətbiq edilmir. Ola bilsin, gələcəkdə bu məsələ müzakirə edilsin". A.Əliyeva bildirib ki, virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmək lazımdır: “Əlləri tez-tez yumaq lazımdır. Meyvə-tərəvəzləri yaxşı yumamış yemək olmaz”. “Sumqayıtda uşaqlar arasında baş verən hadisədə ən böyük şübhəmiz odur ki, su xəttinə hansısa mənbədən çirkab qarışır”. APA-nın xəbərinə görə, bunu respublikanın baş pediatrı Nəsib Quliyev deyib. O bildirib ki, Sumqayıtda uşaqlar arasında ilk xəstələnmə halları iyunun 7-də baş verib: "Bununla bağlı Xudatdan gələn Şollar su xəttində “Azərsu” və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, epidemik nəzarət şöbəsi tərəfindən müayinələr aparılır. İlkin müayinələrin nəticəsi göstərdi ki, bu hadisə su xəttindən baş verən çiy su ilə bağlıdır, törədici isə “rotavirus”lardır. Bu virus dünyanın hər yerində yayılıb, böyüklər və kiçiklərdə bu xəstəlik qusma, ishal və yüksək hərarətlə müşahidə olunur. Uşaqlar bu xəstəliyə daha çox həssasdırlar. Çünki yaşlılar həyatlarında bir və ya bir neçə dəfə bu xəstəliklə rastlaşdığı üçün immunitet formalaşır. Bir nəfər də olsun, ağırlaşma hadisəsi yoxdur. Yaxın günlərdə prosesi tamam dayandırıb, sonuna çatdıracağıq. Uşaqlara heç zaman çiy su vermək olmaz. Ölkədə kifayət qədər təmizlənmiş su satılır, yaxud suyu qaynatdıqdan sonra uşağa vermək lazımdır".
Zəhərlənmə ilə bağlı səsləndirilən versiyaların biri də suya kimyəvi maddələrin bir qrup şəxslər tərəfindən qatılmasıdır. Bu versiyanın nə dərəcədə əsaslı olması sual altındadır. Çünki rəsmilər hər zaman su hövzələrinin güclü qorunduğunu, mühafizə olunduğunu bildirirlər. İçməli su hövzələrinə nəzarət edilməzsə, müxtəlif fəsadlar yarana və su kütləvi epidemiya mənbəyinə çevrilə bilər. Bu səbəbdən içməli su anbarlarının təhlükəsizliyinin təmin edilməsinin strateji vəzifə hesab edildiyi deyilirdi. Su hövzələrinin necə qorunduğu ilə bağlı FHN-dən yaxın günlərdə açıqlama verəcəklərini bildiriblər. Qeyd edək ki, rotavirus infeksiyası - qastroenteritin kəskin formalarından biri olub, rotaviruslar tərəfindən törədilir. Daha çox altı ayından iki-üç yaşına qədər körpələrin yoluxduğu bu bağırsaq infeksiyası əhalinin bütün yaş qruplarında xəstəlik törədə bilir. İlk dəfə 1973-cü ildə avstraliyalı mütəxəssislər tərəfindən aşkar olunmasına baxmayaraq, rotavirus infeksiyası müasir dövrdə öz aktuallığını saxlayır. Bəzi statistik məlumatlara görə, 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törədilir.
Pediatr Vaqif Qarayev uşaqlarında bu halı aşkar edən valideynlərə diqqətli olmağı və antibiotikdən qətiyyən istifadə etməməyi məsləhət gördü: “Bu virusun yayılmasında mövsümilik var. Sudan, çirkli qida məhsulları ilə kontaktda olduqda, bəzi hallarda isə hava-damcı yolu ilə keçir. Əsasən uşaqların mədə-bağırsaq traktını zədələyir. Hərarət yüksəlir, təkrari qusmalar, davamlı ishal müşahidə olunur. Bəzən xəstəlik hamının tanıdığı qrip kimi başlaya bilər. Ağır hallarda uşaq orqanizmində susuzlaşma gedir. Bu hal ciddi müalicə tələb edir. Şəxsi gigiyenik qaydalara davamlı və ciddi əməl eləmək lazımdır. Özünüz müalicə ilə məşğul olmayın. Bu xəstəlikdə antibiotiklərdən istifadə olunmur. Antibiotiklərdən istifadə etsəniz vəziyyət daha da ağırlaşacaq. İlkin yardım kimi uşağa duzlu məhlul (rehidron) vermək olar. Amma xəstəliyin ilkin əlamətləri müşahidə olunan kimi həkiminizə müraciət edin”.
“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında suyun tərkibinin yoxlandığını və qeyri-adi heç nə aşkarlanmadığını dedi: “Suyun tərkibi həm bakterioloji, həm də kimyəvi yoxlanılıb. Hər şey qaydasındadır. Suda heç bir problem yoxdur”.