"Azərbaycanda bir çox peşə təhsili müəssisələrinin təkcə yataqxanaları deyil, əsas tədris korpusları belə məcburi köçkünlər tərəfindən tutulub. Artıq ölkə rəhbərliyi tərəfindən bu sahədə müvafiq tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verilib və yəqin ki, bu yaxınlarda həmin məktəblərin boşaldılması və onların yenidən qurulması işlərinə başlanılacaq”.
Bunu APA-ya Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.
Direktor qeyd edib ki, bütün peşə təhsili müəssisələrində yerləşən məcburi köçkünlərin siyahısı tərtib edilərək müvafiq orqanlara təqdim edilib. Birdən-birə bu işləri görməyin mümkünsüz olduğunu deyən F.Mustafayev vurğulayıb ki, Strateji Yol Xəritəsinə əsasən, prioritet hesab edilən ixtisaslar üzrə təhsil verən məktəblərdən məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur: "Bununla bağlı artıq təkliflərimiz hazırlanıb və yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən müvafiq qaydada Nazirlər Kabinetinə təqdim olunacaq. Hesab edirik ki, bu işi mərhələli şəkildə həll etməklə peşə təhsili müəssisələrinin infrastrukturunu yeniləyə biləcək, yeni və nümunəvi peşə təhsili müəssisələrinin fəaliyyətinin şahidi olacağıq”.
F.Mustafayevin sözlərinə görə, Bakıdakı peşə təhsili müəssisələrinin 90%-də məcburi köçkünlər yerləşib. O bildirib ki, ilkin olaraq 4 məktəbdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi məqsədəuyğun hesab edilir. Agentlik direktoru bu vəziyyətin Sumqayıt şəhərində və regionlarda da müşahidə edildiyini deyib: "Kürdəmir, Ağcabədi, Oğuz, Göyçay, Şəmkir, Biləsuvar məktəblərində çoxlu sayda məcburi köçkün məskunlaşıb. Bu da tədris prosesinə əsaslı dərəcədə mənfi təsir göstərir. Peşə məktəblərinin binalarının bir hissəsində dərs tədris olunur, bir hissəsində isə məcburi köçkünlər məskunlaşıb. Belə olan halda peşə təhsilini necə inkişaf etdirmək olar?"