Firəngiz Əlizadə: “İpək Yolu” festivalı ildən-ilə daha geniş VÜSƏT ALIR.
Şəkidə keçirilən “İpək Yolu” VIII Beynəlxalq musiqi festivalı artıq öz işini yekunlaşdırıb. Festival bu dəfə də yüksək səviyyədə təşkil olunmuşdu. Biz burada bir çox xalqların musiqisini, mahnılarını dinlədik. Festivalda gənclər də, tanınmış sənətçilər də çıxış etdilər, öz mahnı və rəqslərini ifa etdilər. Şəki yenə də onları yüksək qonaqpərvərliklə qarşıladı. AzerTaym.az bu fikri Şəki “İpək Yolu” VIII Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın bağlanış mərasimində jurnalistlərə müsahibəsində bildirib. “İpək Yolu” festivalının şöhrətinin ildən-ilə artdığını vurğulayan F.Əlizadə deyib: “Çox şadıq ki, festivalımız hər il daha geniş vüsət alır, iştirak etmək istəyən ölkələrin sayı artır. Bu festival doğrudan da böyük bir musiqi bayramıdır. Ona görə də yayda hamı Şəkiyə gəlməli, bu gözəl festivalın konsertlərini izləməlidirlər”.AZƏRTAC