Səməd Vurğun haqqında “satqın” iddiası aranı QATDI

 

Cəlil Cavanşir: “Onu cinayətkar aləmin jarqonu ilə satqın adlandırmaq olar, çünki...”; Səməd Vəkilov: “Hikmət Hacızadənin əmisi oğlu Elçibəyi satıb”

“Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır. Nə qədər də adam satıb”. Azərbaycanın Rusiyadakı keçmiş səfiri olan Hikmət Hacızadənin bu sözləri ictimaiyyətdə böyük rezonans doğurub. Keçmiş səfir həmçinin qeyd edib ki, şairin misralarında axmaq ifadələr var:

“Camaatın beyninə soxublar onu, indiyə qədər də çıxmır ordan. ”Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir".

Niyə Ağcaqumda gedən qatar Piter fəhləsindən xəbərsiz olmalıdır? Mən bunu başa düşə bilmirəm. Onda bu cür axmaq-axmaq şeylər var. Adamların beyninə yeridiblər. Küçə də veriblər adına, böyük heykəl də qoyublar. Ondan qat-qat güclü, səmimi və doğru şairlərimiz əzab-əziyyət içində ölüb".

Qeyd edək ki, son illərdə Səməd Vurğunun həm şəxsiyyəti, həm də yaradıcılığına olan münasibət birmənalı deyil. Onun ötən əsrin 30-cu illərində Azərbaycan Xalq Cumhuriyyəti və onun qurucusu Məhəmməd Əmin Rəsulzadə, şair-dramaturq Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və digər tarixi şəxsiyyətlər haqqında söylədiyi fikirlər, yazdığı şeirlər zaman-zaman müzakirə edilib. Təkcə Hikmət Hacızadə deyil, ADP sədri Sərdar Cəlaloğlu, gənc şair Aqşin Yenisey və digərləri şair haqqında dəfələrlə tənqidi fikirlər səsləndiriblər.

Image result for Hikmət Hacızadə

Hikmət Hacızadə 

Hikmət Hacızadənin onu satqın adlandırması isə təsadüfi deyil. Bəzi iddialara görə, Səməd Vurğun repressiya illərində donos yazıb. Bir neçə il öncə isə mətbuatda şairin KQB-yə satdığı gənclər haqqında məlumatlar dərc olunmuşdu. Gənc yazıçı Cəlil Cavanşirin araşdırmasında qeyd olunurdu ki, 1944-cü il mayın 10-da Azərbaycan Yazıçılar İttifaqının plenumunda Səməd Vurğun müasir Azərbaycan ədəbiyyatının səviyyəsinin aşağı olmasından narazılıq dolu məruzə ilə çıxış edir və həmin plenumda Səməd Vurğun Azərbaycan Yazıçılar İttifaqı sədrliyindən uzaqlaşdırılır. Həmin vaxt Azərbaycanda antisovet meyllərin gücləndiyi bir dövrdə 8 gənc öz aralarında razılaşaraq, gizli fəaliyyət göstərən antisovet təşkilatın adından Səməd Vurğuna məktub yazır.

Image result for Səməd Vəkilov

Səməd Vəkilov

Özlərini “zəncirlənmiş Azərbaycan xalqının vətənpərvər gəncləri” adlandıran gənc şairlər Səməd Vurğundan onların fikirlərinə dəstək olmasını istəyirlər. Lakin imzasız məktub hansısa yollarlasa 4 il 5 aydan sonra Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarının əlinə keçir. İddia olunan variantlara görə, ya Səməd Vurğun nəzarətdə saxlanılırdı, ya da şair partiyaya sədaqətini sübut etmək üçün şəxsən quruma təqdim edib. Məktubu yazan gənclərin taleyinə gəldikdə isə aparılan araşdırmalar nəticəsində “müqəssirlər” tapılır və 1949-cu il 21 fevral tarixli qərara əsasən Rəhimov İsmixan 25 il, Abdullayev Gülhüseyn 25 il, Zeynalov Hacın 25 il, Əliyev Kamal 10 il, Vahidov Aydın 10 il, Ələsgərov Azər 10 il və Abdullayev Musan 10 il müddətinə azadlıqdan məhrum edilir, sürgünə göndərilirlər. 1956-cı il iyulun 22-də isə SSRİ Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyası Rəhimov İsmixanın, Abdullayev Gülhüseynin, Zeynalov Hacının, Vahidov Aydının, Ələsgərov Azərin, Abdullayev Musanın, Əliyev Kamalın və Rzayev Kamilin işlərində cinayət tərkibi olmadığı üçün onları azadlığa buraxır.

Səməd Vurğun satqındırmı?

Hazırda daha çox bu sual ətrafında mübahisə və müzakirələr gedir.

Image result for Cəlil Cavanşir

Yazıçı Cəlil Cavanşirin “Yeni Müsavat”a dedikləri: "Düşünürəm ki, bu məsələyə kompleksli yanaşmaq lazımdır. İndiki dövrdə Hikmət Hacızadə mövqeyində olan bir adam Səməd Vurğunu satqın adlandıra bilər. Lakin 37-ci ilin havasını görən adam şairi satqın adlandıra bilməz. O dövrdə qələm adamları arasında sanki bir növ yaşamaq uğrunda mübarizə gedirdi. Çünki Stalin repressiyası Azərbaycanda çox ciddi qələm adamlarının həyatlarına son qoyurdu. Səməd Vurğun həm 37-ci illərdə, həm də ondan sonra ola bilsin ki, sovet hakimiyyətinə tərəf müəyyən addımlar atıb, donoslar yazıb. Lakin ümumi mənada onu satqın adlandırmaq olmaz. Belə olan halda, onda gərək həmin dövrdə sağ qalan ziyalılarımızı, şairlərimizi də satqın adlandıraq. Çünki onlar da öz həmkarlarının əleyhinə yazmaq məcburiyyətində olublar. Səməd Vurğunun adıçəkilən gənclər haqqında atdığı addım bir növ özünü müdafiə idi. Ola bilsin ki, həmin dövrdə KQB bunu təşkil edib, Səməd Vurğun da həyatda qalmaq üçün belə bir addım atıb.

Beləliklə, böyük ədəbiyyat kontekstindən baxanda onu satqın adlandırmaq mənə elə gəlir ki, insafsızlıq olar. Lakin onu cinayətkar aləmin jarqonu ilə satqın adlandırmaq olar. Çünki o həmkarlarını satıb, gənclərdən donos yazıb və yaxud KQB-yə məlumat verib".

Səməd Vurğunun qardaşı nəvəsi, hüquqşünas Səməd Vəkilov isə şair haqqında səsləndirdiyi ifadələrə görə Hikmət Hacızadəni səviyyəsiz adam adlandırdı: “Hikmət Hacızadənin əmisi oğlu var, Aydın Hacıyev. O, məhkəmədə Elçibəyi satıb, üzünə durub, bunu hamı bilir. Onun bütün nəsli demək olar ki, satqındır”.

 






Fikirlər