Səməd Vurğun tərəfindən xain adlandırılan Rəsulzadənin Xalq şairinə ibrətamiz REAKSİYASI

M.Ə.Rəsulzadənin böyüklüyü bir də onda idi ki, ona "İyirmi altılar" poemasında "şarlatan" deyə müraciət edən Xalq şairi Səməd Vurğun haqqında da "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində müsbət fikirlə danışmışdır.

Səməd Vurğun M.Ə.Rəsulzadəni bu sözlərlə təsvir edir:

İndi xəbər verim oxucuma mən

O "millət rəhbəri" Rəsulzadədən:

Toplamış məclisə müsəlmanları,

Yağlı vədələrlə tutmuş onları.

Deyir: Türkiyəni çağıraq gərək,

Bizə kömək olsun, qılınc çəkərək,

Parlasın ədalət, mehri-hürriyyət,

Ucalsın göylərə şərəfi-millət!...

-Şarlatan!

-Afərin!

-Rəhbərə bir bax!

-Vətəni yadlara bunlar satacaq!

-Bir dayan!

-Nə dedin?

O bir xaindir,

Sözünün pərdəsi

millətdir, dindir.

Bütün bunlara baxmayaraq, Səməd Vurğun "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində Rəsulzadə tərəfindən "milli şair" adlandırılır. Şairin "Vaqif" dramını Əmin bəy çağdaş Azərbaycan ədəbiyyatının ən uğurlu əsəri hesab edir. Rəsulzadə yaradıcılığı şəxsiyyətə qatmadan obyektiv yanaşaraq, yamanlığa yaxşılıqla cavab verərək bu gün də bizim üçün və gələcək nəsil üçün yüksəkdəki yerini qoruyub saxlayır.

Əlirza Turan xatirələrində qeyd edir:

"Rəsulzadə bu poemanı oxuyandan sonra xəyallara daldı. Ona dedilər ki, "görün, S.Vurğun sizin haqqınızda nələr yazıb. Siz isə onu "Çağdaş Azərbaycan ədəbiyyatı"nda millətçi bir şair kimi təqdim etmisiniz".

Onda Əmin bəy deyir: "Mən yanılmamışam. Əgər o məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi. Həm də o mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq".

AzerTaym.az






Fikirlər