Vurğun PAPİROS QUTUSU üstdə ona şeir yazdı - VİDEO

Bu gün görkəmli xanəndə, mərhum xalq artisti, “Şöhrət” ordenli sənətkar Sara Qədimovanın doğum günüdür.

  Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Sənət fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddətdə müğənni kimi tanınıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı, eləcə də müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı” mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

 

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

 

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu “Bayatı-Şiraz”, “Şur”, “Şahnaz”, “Qatar”, “Mahur-hindi”, “Xaric segah” muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında “Qarabağ şikəstəsi” isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.

 

Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil edən Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib. Çıxış etdiyi ən mötəbər səhnələrdə rəğbətlə qarşılanıb və SSRİ-nin “Şərəf nişanı”na layiq görülüb.

 

Mərhum sənətkar təkcə musiqi camesində deyil, ədəbiyyat və kino sahəsində fəaliyyət göstərən məşhur simalar tərəfindən də sevilirdi. Sara Qədimova irsinin tədqiqatçısı Çingiz Fərəcov yazır:

 

“Bir dəfə Sara Qədimova Səməd Vurğun, Qurban Pirimov, rəqqasə Leyla Bədirbəyli, akademik Heydər Hüseynov, Vera Şirye, Zülfü Adıgözəlovla birlikdə cəbhə bölgələrinə gedirdi. O dövrdə Mahnı və Rəqs ansamblının rəqqasəsi olan Leyla Bədirbəylinin xatirələrindən:

 

- Qatarla gedirdik. Səməd Vurğun gənc Saraya yaxınlaşıb soruşdu:

 

- Qızım, gözəl səsin var. Bir neçə konsertində olmuşam. Oxumağın xoşuma gəlir. Cəbhədə əsgərlər üçün nə oxuyacaqsan?

 

Sara ayağa qalxıb imtahan verən şagird kimi əllərini yanına saldı:

 

- “Segah” muğamını, Üzeyir bəyin “Şəfqət bacısı”, “Kürdün gözəli”, “Qubanın ağlaması” mahnılarını, - deyə cavab verdi.

 

Səməd Vurğun nə fikirləşdisə, elə bizim yanımızda cibindən “Avrora” siqaretini çıxarıb, onun üstünə bir şeir yazıb, Saraya uzatdı. Bu şeiri sənə həsr edirəm. Onu əzbərlə və “Segah” üstündə oxu, - dedi.

 

Yenə qılıncını çəkdi üstümə,

Qurbanı olduğum o ala gözlər.

Yenə cəllad olub durdu qəsdimə,

Qələm qaş altında o ala gözlər.

 

Gərdəni minadır, boyu tamaşa,

Ay da həsrət çəkir o qələm qaşa.

Bir cüt ulduz kimi verib baş-başa,

Yanıb şölə saçır camala gözlər.

 

Sara Qədimova cəbhədə verilən konsertlərin hamısında “Segah” muğamını Vurğunun yuxarıdakı şeiri ilə başlayırdı. Kim nə deyir-desin, bizim hamımızda belə bir fikir yarandı ki, Səməd Vurğun o şeiri Sara xanıma həsr etmişdi.

 

Sara xanımın ifasında “Segah” muğamına şair məftun olurdu. O deyirdi ki, bu muğamı Saranın ifasında dinləyəndə ruhu dincəlir. 1956-cı ildə Səməd Vurğun ağır xəstə idi. Mayın 12-də Opera və Balet teatrında şairin 50 illik yubileyi qeyd olunurdu. Səməd xəstə olduğu üçün tədbirdə iştirak edə bilmirdi. Yubileyə radioda qulaq asırdı. Yubileyin bədii hissəsi S.Vurğunun sevdiyi muğam və mahnılardan təşkil olunmuşdu. Sara xanım yubiley konsertində “Segah” muğamında şairin yuxarıdakı şeirini ağlaya-ağlaya oxudu. Sara xanım ömrünün son günlərinə qədər hər dəfə Xavər xanımla Aybəniz onunla görüşərkən qucaqlaşır və hönkür-hönkür ağlayardılar”.

 

Qeyd edək ki, Sara Qədimova 1963-cü ildə xalq artisti adına layiq görülüb, 2005-ci il mayın 12-də 82 yaşında vəfat edib.

 






Fikirlər