O, SSRİ-nin ən zil səsli tenorunu şoka salmışdı – Video

 
 

Axar.az “Qızıl duetlər” adlı layihəyə başlayır.

 

Bu layihədə Azərbaycan musiqi sənətinə qızıl notlarla yazılmış duetlərdən bəhs edəcəyik. Layihənin birinci dueti Azərbaycan muğamı və klassik musiqisinin görkəmli ifaçıları Xan Şuşinski, Şövkət Ələkbərova və Sara Qədimovanın birlikdə ifa etdiyi “Qarabağ şikəstəsi”dir.

 

Moskva professorlarını heyran edən Xan Şuşinski

 

1901-ci ildə Şuşada anadan olan Xan Şuşinski Qarabağ xanlığının banisi Pənahəli Xanın nəslindəndir. Yox, onun Xan adlanmasına səbəb bu deyildi. 16 yaşı olarkən bir məclisdə “Kürd-şahnaz” təsnifini ifa edən balaca İsfəndiyar müəllimi tərəfindən dövrünün məşhur sənətkarı Əbülhəsən Xanla müqayisə edilir və “Şuşalı Xan” - Xan Şuşinski adını alır...

 

Xanın peşəkar muğam ifaçısı kimi formalaşmasında Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin böyük rolu var. “Qəmərim”, “Şuşanın dağları” kimi dillər əzbəri mahnıların müəllifi olan Xan repertuarında bəstəkar mahnılarına da yer ayırıb. O, Üzeyir Hacıbəylinin “Qara göz” mahnısının ilk ifaçısı olub.

 

Xanın səs diapazonu ilə bağlı çox maraqlı bir məlumat var: 1943-cü ildə Moskvadan folklor sənətini təhlil edən bir qrup musiqişünas – professor heyəti Bakıya gəlir. Məşhur müğənni Bülbül Xan Şuşinskidən onlar üçün “Mahur hindi” muğamını oxumağı xahiş edir. Qonaqlar Xanı ardıcıl olaraq bir neçə dəfə dinlədikdən sonra bu səsin gücünə heyran qaldıqlarını gizlətmədən, icazə istəyib, Xanın ağzına və boğazına diqqətlə baxırlar. Xan Bülbüldən soruşur ki, bunlar nə istəyir? Bülbül deyir: “Xan, bunlar elə bilirlər ki, sən boğazında nə isə səsgücləndirici bir vasitə gizlətmisən, inana bilmirlər ki, insanda bu qədər geniş diapazonlu səs ola bilər”.

 

Müsabiqədə ulduzu parlayan qadın

 

Moskva musiqişünaslarını belə bir ağlasığmaz hərəkətə təhrik edən böyük Xanın həmkarı, unudulmaz sənətkar Şövkət Ələkbərova da SSRİ məkanında sevilirdi. 1922-ci ildə Bakıda anadan olan Şövkət xanım iştirak etdiyi bir müsabiqədə Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi görkəmli sənətkarların diqqətini cəlb edir.

 

Opera Teatrında keçirilən yekun konsertdə o, “Qarabağ şikəstəsi”ni oxuyur, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olur. Bu müsabiqə onun həyatında dönüş nöqtəsi olur və Şövkət xanımın ulduzu parlayır. “Qarabağ şikəstəsi” onu sonralar nəhəng simalarla – Xan Şuşinski və Sara Qədimova ilə çiyin-çiyinə dayanmasına səbəb olur.

 

Azərbaycanlı əsgərlərin doğma şəfqət bacısı

 

Azərbaycan SSRİ xalq artisti Sara Qədimova 1922-ci ildə Bakıda anadan olsa da, əsli-kökü muğamın beşiyi olan Ağdamdandır. Üzeyir Hacıbəyli ilə Səməd Vurğunun birgə işi olan və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı” o dövr gəncliyinin ən sevilən mahnılarından idi. Qədimovanın müğənni kimi yetişməsində Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarların rolu böyükdür.

 

Xan Şuşinskinin möhtəşəm Moskva manevri

 

Sara Qədimovanın Xan Şuşinski və Şövkət Ələkbərova ilə ifa etdiyi “Qarabağ şikəstəsi”nin – bu qızıl üçlüyün oxuduğu duetin tarixi çox maraqlıdır.

 

1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının bağlanış konsertində Xan Şuşinski Sara Qədimova və Şövkət Ələkbərova ilə birgə “Qarabağ şikəstə”sini ifa etməli idi. Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan xalq çalğı alətləri orkestri də ifanı müşayiət edəcəkdi. Ancaq konsertin başlamasına az qalmış həmin ifa üçün ayrılmış vaxt məhdudlaşdırılır. Səid Rüstəmov Xan Şuşinskidən qadın müğənnilərdən birinin ixtisar edilməsini istəyir. Xan isə tərəf-müqabilləri arasında seçimdən imtina edərək, “Şikəstə”nin ritmini bir qədər tezləşdirib, arada bəzi çalğı hissələrinin ixtisar olunması hesabına ifaçıların üçünün də oxumasını təklif edir. Səid Rüstəmov təkliflə razılaşır. Xan Şuşinskinin verdiyi uğurlu təklif sayəsində Azərbaycan tarixinə belə bir möhtəşəm sənət əsəri həkk olunur.

 

Vaqif Səmədoğlunun xatirəsi

 

Böyük Teatrın səhnə arxasında dayanıb bu çıxışı həyəcanla izləyən xalq şairi Vaqif Səmədoğlu həmin anları belə xatırlayır:

 

“Muğamın tempi tezləşdirilmişdi, Sara Qədimova və Şövkət Ələkbərova hərəsi bir ağız “Şikəstə” ifa etdikdən sonra Xan səsini ucaltdı və 3-cü oktavada açıq “mi” səsini götürəndə mənimlə yanaşı dayanan, uzun illər Böyük Teatrın aparıcı solisti kimi fəaliyyət göstərmiş SSRİ xalq artisti İvan Semyonoviç Kozlovski səsin gücündən heyrətə gəlib, iki əli ilə başını tutdu və “Boje moy, nu i qolos”, – deyə qışqıraraq səhnə arxasında var-gəl etməyə başladı”.
 

Sovet İttifaqının ən zil səsli tenorunun Xan Şuşinskinin səsinə bu cür heyrətamiz münasibət bildirməsi Vaqif Səmədoğlu ilə yanaşı çıxışları səhnə arxasından həyəcanla izləyən nümayəndə heyətində də böyük qürur oyatmışdı.

 

Zalda isə sürəkli alqışlar hələ də davam edirdi...

 

 

 






Fikirlər