Mehman Əliyevi müdafiə edən komitə QALIR?

Mehman Əliyevə Azadlıq Komitəsi fəaliyyətini davam etdirəcəkmi? Novator.az bununla maraqlanıb.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev 17 günlük həbsin ardınca sentyabrın 11-də azadlığa buraxıldı. Məhkəmə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçdi.

Jurnalist Vergilər Nazirliyində qaldırılmış cinayət işi üzrə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Avqustun 24-də tutulandan sonra Mehman Əliyevin hüquqlarını müdafiə üçün ictimai komitə yaradılmışdı. Siyasətçilərin, hüquq müdafiəçilərinin, ictimai xadimlərin, jurnalistlərin, vəkillərin təsis etdiyi Mehman Əliyevə Azadlıq Komitəsinin bundan sonrakı fəaliyyəti necə olacaq?

Sentyabrın 12-də Novator.az-a danışan komitə koordinatoru, jurnalist Əvəz Zeynallı deyib: “Mehman Əliyev azadlığa buraxılsa da, ittihamlar qalır. Bu baxımdan mən komitənin fəaliyyətini davam etdirməsinin tərəfdarıyam və çalışacam ki, format eynilə qalsın”.






Fikirlər