AHİK sədri Gürcüstanda keçirilən tədbirdə İŞTİRAK EDİR
Sentyabrın 14-də Tbilisidə Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının (HİK) XIII qurultayı öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti Səttar Mehbalıyev və onun müavini Aqil Dadaşov da iştirak edirlər. Gürcüstan HİK-nin sədri İrakli Petriaşvili qurultayda hesabat məruzəsi ilə çıxış edib, rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən danışıb. O deyib ki, hesabat dövründə Gürcüstan HİK beynəlxalq təşkilatlar, dünyanın qabaqcıl və aparıcı dövlətlərinin, eləcə də Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyaları ilə sıx əməkdaşlıq edib. Bu əməkdaşlığın bizə bəzi məsələlərin həllində çox böyük köməyi olub. Beynəlxalq Həmkarlar İttifaqları Federasiyasının, Beynəlxalq Əmək Təşkilatının rəhbərliyinin, Avropa və MDB ölkələri HİK-nın sədrlərinin iştirak etdiyi qurultayda Gürcüstan HİK sədrinin hesabatı dinlənilib. Sonra çıxışlar olub, bir qrup şəxsə fərqlənmə hədiyyələri təqdim olunub. Daha sonra qurultay panel iclasları ilə davam edib. Qeyd edək ki, qurultayda təşkilati məsələyə baxılacaq. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev BHİK-nın baş katibi Şaran Berrou və digər nümayəndələrlə ikitərəfli görüşlər keçirib. Görüşlərdə AHİK ilə beynəlxalq təşkilatlar, eləcə də dövlətlərin HİK-ləri arasında əməkdaşlığın genişləndirilməsi və s məsələlər müzakirə olunub.