Yeni dərs ili başladı: ağlayan birincilər, SEVİNƏN VALİDEYNLƏR...
Ölkə məktəblərində ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq; DYP əhaliyə müraciət etdi Bu gün artıq yeni tədris il başlanır. Bu il “Bilik günü” həftənin son iş gününə təsadüf etsə də, məktəblilər məktəbə, tələbələr isə universitetlərə həvəslə gedirlər. Tədris ilinin ilk günü daha çox həyəcan keçirənlər həmişə ağlayaraq məktəbə gedən birincilər, tələbə adını yenicə qazananlar və sevinən valideynlər olur. Qeyd edək ki, bu il ümumtəhsil məktəblərinin I siniflərinə 164 min 945 şagird gedir. Bu rəqəm ötən illə müqayisədə artıb. Belə ki, 2016/2017-ci tədris ilində ölkə üzrə 164 min 33 nəfər şagird birinci sinfə getmişdisə, 2017/2018-ci tədris ilində belə uşaqların sayı 164 min 945 nəfər olacaq. Ümumilikdə isə bu il məktəblərə 1445049 şagird gedəcək. Onlardan 665806-sı qız, 779243-ü oğlandır. Təhsil Nazirliyinin məlumatına görə, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.
Bu il yenicə müəllim adını qazananlara gəlincə isə müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci turu başa çatıb və 933 nəfər müəllim adını qazanıb. Ümumtəhsil müəssisələrində işləyən 125 müəllim bu mərhələdə iş yerini dəyişib. Qeyd edək ki, müsabiqənin birinci mərhələsi üzrə 4 min 454 nəfər müəllim adını qazanıb. Bu il 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.
Qeyd edək ki, məktəblərin başlaması ilə istər metrolarda, istərsə də ictimai nəqliyyatlarda sıxlıq yaşanır. Məhz buna görə də sentyabrın 15-də yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək. Artıq bütün məktəblərin ətrafı yol polisi tərəfindən nəzarətə götürülüb, məktəblərin yaxınlığına naryadlar təhkim olunub. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, məqsəd dərs ilinin başladığı gün yollarda sıxlığın yaranmaması, hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir: “Son illərin təcrübəsi göstərir ki, bəzən valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır. Bir neçə belə valideynin səhvi ucbatından saatlarla tıxac yaranır, sıxlıq yaşanır. Xüsusilə bəzi valideynlər övladlarını birinci sinfə gətirərkən, onların avtomobilini bir neçə qohum-əqrəbanın avtomobili də müşayiət edir və əksər halda dayanma-durma qaydalarını pozurlar”.
V.Əsədov bildirib ki, qeyd edilənləri nəzərə alaraq, sentyabrın 15-də tədris müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək: “Yol polisi tərəfindən əlavə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq, sürücülərə müraciət edirik ki, məktəblər ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün avtomobil sahibləri qanunun tələblərinə əməl etsinlər. Əsasən avtomobillərin yolun ikinci hərəkət hissəsində saxlanmaması, dayanma-durma tələblərinin pozulmaması, ümumiyyətlə, parklanmaya düzgün əməl edilməsi vacib şərtdir və hər bir sürücüdən qaydalara əməl etmək tələb olunur. Unutmaq olmaz ki, avtomobili olmayanların, ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin övladlarının da təhsil almaq hüququ vardır və onların da məktəbə getmələrində ləngimə olmamalıdır. Buna görə də hər bir sürücü nizam-intizamlı olmalı, ”Yol hərəkəti haqqında" Qanunun tələblərinə əməl etməli, ərazidə polis əməkdaşının xidmət aparıb-aparmamasından asılı olmayaraq, dayanma və durma tələblərini düzgün yerinə yetirməlidir".
Yay mövsümünün başa çatması və yeni tədris ilinin başlanması ilə əlaqədar metronun qrafikində də dəyişikliklər olacaq. “Bakı Metropoliteni” QSC sədri Zaur Hüseynov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək. Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə “Həzi Aslanov-28 May”" sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq. Bu müddətdə yalnız “Bakmil” stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval “Həzi Aslanov-Ulduz” sahəsində fərqli ola bilər.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, “Həzi Aslanov-28 May” sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur.