DEPUTATIN QARDAŞI oğluna MƏXSUS şirkətin DİREKTORU HƏBS EDİLİB

 

agalar-veliyev-300x189Deputatın qardaşı oğlunun adına təsis edilən şirkətin direktoru həbs edilib. O, şirkətdən külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edilir.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəməkdə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov “Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində çalışıb. İttihamda yazılır ki, o, şirkətin 42 min manat pulunu mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, “Azital İnşaat” MMC Ramin Vəliyevin adına təsis olunub. Ramin Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilmiş Ağalar Vəliyevin qardaşı oğludur. Deputat Ağalar Vəliyev həmçinin “Azəraqrartikinti” ASC-nin rəhbəridir.
Direktoru həbs edilən “Azital İnşaat” MMC “Azəraqrartikinti” ASC ilə eyni – Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93 ünvanda qeydiyyatdadır.






Fikirlər