ADU-da CoMoLTE proqramının yekun konfransı KEÇİRİLİB

Oktyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) TEMPUS layihəsinin CoMoLTE proqramının yekun konfransı keçirilib.

Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əıməkdar elm xadimi Kamal Abdulla konfransa qatılan Münhen Ludwig-Maximilian Universiteti, Belarus Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin əməkdaşlarını, eləcə də digər iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Görüşün maraqlı bir layihənin müzakirəsinə həsr olunduğunu vurğulayan rektor bildirib ki, bu, müasir dilçilik və tədris problemləri üçün son dərəcə vacib məsələdir: “Müasir dil müəllimi bu gün dilin tədrisində çox önəmli bir yer tutur və bir növ dilin öyrənilməsinin çıxış nöqtəsidir. Bu proqram çərçivəsində müasir dilə önəm verilməsi bütün dil metodikası üçün son dərəcə maraqlı və faydalıdır. İnanıram ki, layihə həm dilçilik, həm də universitetlərarası münasibətlər üçün faydalı olacaq, iştirakçılar dil problemlərini həll etməklə yanaşı, həm də, öz aralarında səmimiyyət quracaq”.

Çıxışının sonunda rektor K.Abdulla TEMPUS-un rəhbərliyinə xüsusi təşəkkür ünvanlayıb və gələcəkdə də ADU ilə əlaqələrin davamlı olacağına ümid etdiyini  bildirib.

Konfransda çıxış edənMünhen Ludwig-Maximilian Universitetinin əməkdaşı Jörc Roche layihə çərçivəsində tərəfdaşlarla birgə və ümumilikdə görülən işlərdən, yeni təhlil metodlarından, koqnitiv dilçilik və psixo-linqvistikadan danışıb.

 Konfrans 3 gün ərzində öz işini davam etdirəcək.

 Qeyd edək ki, CoMoLTE (Müasir dil müəllimlərinin tədris konsorsiumu) Avropa Birliyi və tərəfdaş ölkələr-Belarus və Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq layihəsidir. Layihə Avropa Birliyinin TEMPUS proqramı tərəfindən maliyyələşdirilir. Layihə çərçivəsində iştirakçı ölkələrin müasir dil tədrisi proqramlarının yenidən qurulması, regional biliklərdən və ən yaxşı tədris təcrübələrindən istifadə edərək  dil öyrənmə və mədəniyyətlərarası ünsiyyət üzrə ən qabaqcıl tədqiqatları əhatə edən proqramları yenidən nəzərdən keçirmək və inkişaf etdirmək, davamlı yüksək keyfiyyətin təminatı üçün  bacarıq və vərdişlərin mübadiləsi və inkişafı, ingilis və alman dilinin tədrisi üçün yeni dərsliklərin yaradılması və onların onlayn platformada yerləşdirilməsi, eyni zamanda 8 modul üzrə hazırlanan dərsliklərdən onlayn platforma üzərindən tədris prosesində istifadəni təmin etmək nəzərdə tutulur.

 Məlumat üçün bildirək ki, ingilis dilində hazırlanan dərsliklərin bir neçə modulunun yazılmasında ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov və Təlimdə innovasiyalar kafedrasının müəllimi Sevil Qurbanova iştirak edib. Hazırda dərsliklər alman dilinə tərcümə edilir. Yaxın gələcəkdə dərsliklərin Azərbaycan dilinə tərcümə olunması və tədricən tədris prosesinə yönləndirilməsi nəzərdə tutulur.






Fikirlər