Ermənistan yenə “QAŞINIR” - APREL sindromu hər an TƏKRARLANA bilər
İşğalçı qüvvələrin cəbhə xəttindəki son təxribatları nəyə hesablanıb? İrəvan prezidentlərin Cenevrə görüşünün olan-qalan əhəmiyyətini də sıfırladı; erməni siyasi şərhçi: ““İsgəndər”lər həm bizimdir, həm də yox...” Prezidentlərin Cenevrə görüşü bitər-bitməz işğalçı Ermənistanın rəhbərliyi yenidən öz ənənəvi ampluasına qayıtdı. Həm cani prezident Serj Sərkisyan, həm də onun xarici işlər naziri Edvard Nalbəndyan sanki erməni toplumunu, xaricdəki erməni lobbisini sakitləşdirirmişlər kimi dərhal və bir ağızdan bəyan elədilər ki, heç bir dəyişiklik yoxdur, “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”. Bununla da onlar belə görüşlərə hər hansı lüzum olmadığına da birmənalı işarə vurdular. Bu, azmış kimi, üstəlik, qoşunların təmas xəttində, cəbhə xətti boyu gərginliyi artırmağa başladılar. Həm də bir növ Rusiyanın işğalçı ölkəyə daha 100 milyonluq silah krediti verməsinin yaratdığı “eyforiya”nın təzahürü olaraq. Artıq hər iki tərəfdın itkilər var. Ancaq düşmən tərəfin canlı itkiləri həmişəki kimi, daha çoxdur. Yəni qarşı tərəf yenə də öz layiqli cavabını alıb və alacaq".
Bəs konflikt zonasında artan gərginlik nə vəd edir?
*****
“Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir”. Bu sözləri axar.az-a açıqlamasında təmas xəttindəki son vəziyyət barədə danışarkən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Sərkisyan Cenevrədə qeyri-ciddiliyi ilə Dağlıq Qarabağ probleminin taleyinin birbaşa üçüncü super dövlətin səlahiyyətində olduğunu təsdiqləmiş olub.
“Həm danışıqlar prosesində, həm də real praktikada oyuncaq dövlət kimi çıxış edən Ermənistan siyasi iradəsi olmayan bir rəhbərdən asılı vəziyyətdədir. İrəvanın günahı ucbatından nəticəsiz bitən danışıqların ardından cəbhədə vəziyyətin gərginləşməsi əslində yaxşı heç nə vəd etmir. Azərbaycan əvvəl təmkinlik nümayiş etdirsə də, təxribatlara qarşı artıqlamasıyla cavab verəcək. Sözsüz ki, Ermənistan iki il danışıqları boykot etdikdən sonra yaranmış yeni imkanı da qəsdən pozaraq vəziyyəti gərginləşdirmək xəttini götürdü. Diqqətçəkən məqam isə hazırda rus mətbuatında sülh danışqlarındansa, hərb variantının daha çox ağılabatan olması və bunun haçansa həyata keçə biləcəyi ilə bağlı yazıların dərc olunmasıdır. Proseslərin hazırkı gedişatında yeganə təqsirkar erməni tərəfidir. Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir”, - deyə politoloq qeyd edib.
Qabil Hüseynliyə görə, Azərbaycan hərbi əməliyyatlardan başqa digər bir variant üzərində düşünmür. “Ermənilərin nəyə arxayın olduğunu söyləyə bilmərəm, hər halda İrəvan çox riskli və təhlükəli addım atdı. Bu, bölgəni yenidən barıt çəlləyinə çevirə bilər. Əminliklə demək olar ki, Ermənistan tərəfinin itkiləri daha çox olacaq” - politoloq əlavə edib.
Əcnəbi siyasi təhlilçilər də konflikt zonasında artan gərginlikdən dolayı narahatlıqlarını gizlətmirlər. Məsələn, Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol hesab edir ki, Güney Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir və bu, çox təhlükəlidir. Ekspert qeyd edib ki, Ermənistanın və ümumiyyətlə, regionun hərbiləşdirilməsi əsla müsbət hal deyil, “lakin İrəvan, görünür, Azərbaycanın hərbi potensialını üstələməyə ehtiyac duyur”.
*****
Yeri gəlmişkən, bu arada - iki gün öncə Ermənistan prezidenti Rusiya-Ermənistan vahid ordu qruplaşmasının yaradılması haqda razılaşmanı imzalayıb. Bu barədə informasiyanı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Bununla da anlaşma qüvvəyə minib. Sərkisyan, həmçinin, ölkəsinin Rusiya və Belarusun yaratdığı “Müdafiə Sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupuna qoşulması haqqında razılaşmanı da ratifikasiya edib.
Yada salaq ki, Ermənistan-Rusiya vahid ordu qruplaşmasının yaradılması haqda razılaşma tərəflər arasında 2016-cı ilin noyabrında imzalanıb. İrəvan “Müdafiə Sistemləri” qrupuna qoşulmaq haqqında razılaşmaya da eyni tarixdə imza atıb.
Lakin ortaq hərbi qruplaşma məsələsinə Ermənistanın özündə münasibət birmənalı deyil. Əksəriyyət buna Kremlin işğalçı ölkəni özündən daha asılı vəziyyətə salmaq və Ermənistanın hərbi xarakterli hərəkətlərinə daha güclü nəzarət eləmək planlarının tərkib hissəsi kimi baxır.
*****
Bu xüsusda 1 in.am erməni nəşrinin siyasi şərhçisi Sarkis Arsruninin şərhi maraqlı sayılı bilər. Musavat.com-un məlumatına görə, “İsgəndər”lər həm bizimdir, həm də yox" sərlövhəli məqalədə müəllif ötən ilin sentyabrın 21-də İrəvandakı hərbi parad zamanı “İsgəndər” raket sistemlərinin nümayişini və erməni rəsmilərinin bu sistemlərlə Azərbaycanı qorxutmaq cəhdlərinin sırf daxili auditoriyaya hesablanmış hadisələr olduğunu vurğulayaraq yazır: “Ancaq daha önəmlisi odur ki, ”İsgəndər" mahiyyət etibarilə Ermənistanın təhlükəsizliyini gücləndirmir. Əksinə, ordumuz üzərində Rusiya nəzarətini gücləndirir. Azərbaycanın təkrarlanan “təcavüzü” (dırnaqlar bizimdir - red.) fonunda Serj Sərkisyan bir neçə dəfə işarə vurub ki, “İsgəndər”ləri işə sala bilər. Sərkisyanın özünəarxayınlığının real əsası yoxdur və bu, daxili auditoriyaya ünvanlanıb. Ona görə ki, “İsgəndər”lər məsələsində qərar Baqramyan-26-da yox (Ermənistan prezidentinin oturduğu ünvan - red.), Moskvada qəbul edilir".
Yəni erməni təhlilçi demək istəyir ki, “İsgəndər”lərin yalnız “adı” Ermənistanındır. “Dadı” isə əlbəttə ki, - Rusiyanındır. Zatən, bunu təkcə o demir. Bir sıra rusiyalı hərbi ekspertlər də dəfələrlə vurğulayıblar ki, müharibə əməliyyatlarının başlayacağı təqdirdə “İsgəndər”lər məsələsində qərarı İrəvan verməyəcək.
Ümumiyyətlə, müharibə zamanı bu sistemlərdən istifadə edilməyə bilər. Çünki onların vurma məsafəsi 500 km-yə yaxındır və bu da Azərbaycanın münaqişə zonasından, Dağlıq Qarabağdan uzaq obyektlərinin hədəf alınması demək olar ki, nəticə etibarilə Bakının adekvat zərbələr endirməsi və müharibə zonasının xeyli genişlənməsinə, hətta Türkiyənin də müharibəyə cəlb olunmasına gətirə bilər. Bu isə Ankara ilə münasibətlərin üzərində “əsən” Moskvanın orta perspektiv maraqlarına çətin ki, cavab versin.
İndilikdə isə gerçək budur ki, Ermənistan yenə “qaşınır”. Demək, aprel sindromu hər an təkrarlana bilər...