Moskvada Rusiya və Ermənistan arasında vahid ordu ilə bağlı anlaşma imzalandı, bəs sonra?; Politoloq: “Kremlin konfliktə təsir imkanları artıb, situasiya ən əvvəl onun iradəsi ilə dəyişə bilər”
Rusiya ilə forpostu Ermənistan arasında vahid hərbi qruplaşma yaradılması haqda sənəd nəhayət, imzalandı. Prezident Vladimir Putinin “dobrosu” ilə gündəmə gələn vahid ordu ideyası Moskvada Rusiya müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Vigen Sərkisyan arasında imzalanan anlaşma ilə həyata “vəsiqə” almış oldu. Sənədə əsasən, vahid hərbi qruplaşmaya Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazası və erməni hərbi birləşmələri daxil olacaq.
Məsələnin siyasi tərəflərinə gəlincə, bu, ilk növbədə o deməkdir ki, bundan sonra Qarabağ, işğal, müharibə məsələlərində Azərbaycan daha çox Ermənistanın gerçək yiyəsi Rusiya ilə anlaşmalı olacaq, nəinki Ermənistanın özü ilə. Yəni biz artıq Ermənistanla yanaşı, Rusiya ilə də müharibə vəziyyətindəki kimi sayılacağıq.
Beləcə, Qarabağ ixtilafının keyfiyyətcə yeni bir mərhələyə girdiyini söyləmək mümkündür. Doğrudur, Rusiyadan verilən rəsmi açıqlamaya görə, ortaq hərbi birləşmələr yalnız Rusiya və Ermənistana qarşı ortaq xarici hərbi təhdidlərə qarşı nəzərdə tutulub, lakin aydındır ki, nə Azərbaycan, nə də Türkiyə Ermənistana və ya Rusiyaya hücum etməyə hazırlaşmır. Deməli, başqa hədəflər var.
Siyasi təhlilçilərə görə, həmin hədəflərdən biri Qarabağda müharibə zamanı işğalçı Ermənistanı Azərbaycanın haqlı əks-zərbələrindən çəkindirmək niyyəti ilə ilgili ola bilər. Yəni belə çıxır ki, düşmən arxasında Rusiyanı hiss edib, istədiyini edə biləcək, amma Azərbaycan ona cavab zərbəsi endirmək üçün bir növ Moskvadan icazə almalı olacaq.
Yaranmış durum Kremlin işğalçıya artıq yeni bir formada qahmar çıxması, Qarabağ danışıqlarını sabotaj eləməsi anlamına gəlir. Demək, həm də Azərbaycana və qardaş Türkiyəyə münasibətdə yeni bir təhdiddən söhbət gedir. Bu üzdən bir çox siyasi analitiklər Bakı ilə Ankara arasında da analoji addımların atılmasının vacibliyini vurğulayırlar. O sırada iki dövlət arasında hərbi müqavilənin imzalanması və Naxçıvanda Türkiyə hərbi bazalarını yerləşdirməyin vacibliyi qeyd edilir.
*****
Şübhəsiz ki, işğalçı ölkənin başçısı Serj Sərkisyanın Azərbaycan əleyhinə son hədyanları, guya Bakını belə tutmaqla bağlı sərsəmləməsi ən əvvəl Rusiyanın - maskalanmış işğalçının (politoloqlardan birinin sözüdür) əsl işğalçıya yeni dəstəyi ilə birbaşa bağlıdır.
“Lap yaxınlaradək belə davakar ruhda bir çox erməni siyasətçiləri və hərbçiləri danışırdı. Onlar ”preventiv zərbələrə", “Azərbaycanı cəzalandırmağa”, Kür sahillərinə çıxmaqla geniş ərazi zəbtinə çağırışlar edirdilər. Ancaq hətta onlar da özünütərifdə Bakının zəbtindən dəm vurmurdular. Aprel döyüşlərindən sonra isə onların hamısı öz dillərini dişlədilər". Bunu politoloq Rasim Musabəyov son vaxtlar rəsmi İrəvanın sərtləşən Qarabağ ritorikasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, görünür, Rusiyanın verdiyi “İsgəndər”lər, başqa silah sistemləri ermənilərdə başgicəllənmə yaradıb və onlar yenidən özlərini öyməyə başlayıb: “Buna indi nə deyəsən? Guya Ermənistan yeni ərazilər zəbt etməyə və Bakını kapitulyasiyaya məcbur etməyə qadir imiş. Maraqlıdır, hansı qüvvə və vasitələrlə bunu edəcək? Adami heyrətə salan həm də Ermənistanın hüdudsuz özündən razılığıdır. Ki, guya o, bizə cəzasız şəkildə yeri doldurulmayan zərərlər yetirə bilər, bu zaman isə öz ərazisi onların zənnincə, analoji zərbələrdən sığortalanmış olacaq”.
Ekspert düşmən ölkə rəhbərliyini xəbərdar da edib: “Ermənilər üzərində hakimiyyəti ələ keçirən və onları, eləcə də Güney Qafqazın milyonlarla sakinini özlərinin tarixi fobiyaları və ərazi iddialarının ağılsız siyasətinin girovuna çevirənləri qisas gec-tez haqlayacaq. Hələlik isə gözü millətçilikdən tutulmuş erməni xalqı dərk eləmir ki, Türkiyə və Azərbaycanla düşmənçilik onların bugünkü həyatını dözülməz edir və gələcək perspektivlərdən məhrum edir. Kimlər ki, bunu dərk edir, on-on, yüz-yüz min ölkəni tərk edir, vətəni kənardan sevməyə üstünlük verirlər”.
Politoloq Dağlıq Qarabağa dair sülh danışıqlarının perspektivinə də münasibət bildirib. Onun sözlərinə görə, mövcud şərtlər nəzərə alınarsa, nizamlama prosesini dalandan çıxarmağa yönəlik fəallıq və diplomatik səylər gözləməyə dəymir. “Minsk Qrupunun ABŞ-dan və Fransadan olan həmsədrlərin dəyişdirilməsi situasiyaya öz təsirini göstərməyəcək. Situasiya real olaraq Moskvanın hərəkətləri nəticəsində dəyişə bilər” - sonda politoloq əlavə edib.
*****
Məsələ də elə ondadır ki, iki işğalçının ortaq hərbi birləşmələr yaratmasından sonra Rusiyanın Qarabağ konfliktinin həllinə təsir imkanları və rıçaqları daha da artıb. Bəs Kreml bu rıçaqlardan istifadə edəcəkmi və edəcəksə, necə?
“Qarabağ danışıqlarını Rusiya ilə aparmağın vaxtı çoxdan çatıb. Rusiya Ermənistana ”İsgəndər-M" raketlərini göndərdikdə biz bu addımı atmalı idik. Rusiyanın bir quberniyasına çevrilən Ermənistanla danışıqların artıq heç bir əhəmiyyəti yoxdur". Bu sözləri axar.az-a politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri danışıqların Ermənistanla aparılmasının, sadəcə vaxt itkisi olduğu qənaətindədir.
“Rusiya son zamanlar Cənubi Qafqazda hakimlik uğrunda açıq siyasət yürüdür. Moskva bir növ bütün məsələlərin onunla razılaşdırılmasının siqnallarını verir. Rusiya ATƏT həmsədri kimi bölgədə vəziyyəti düzəltmək, münasibətləri qaydaya salmaq yerinə, xeyli destruktiv mövqedən çıxış edir. Rusiya Ermənistanı dəstəkləməklə öz siyasi xəttini nümayiş etdirir. Düzdür, bu şəraitdə Rusiya ilə açıq danışıqlara başlamaq bir qədər çətindir. Ancaq bunun vaxtı çoxdan çatıb. Biz Rusiya Ermənistana ”İsgəndər-M" raketlərini göndərdiyi vaxt bu addımı atmalı idik. Rusiyanın bir quberniyasına çevrilən Ermənistanla danışıqların artıq heç bir əhəmiyyəti yoxdur" - ekspert deyib.
Bu prosesin hansı formada olacağına gəlincə, politoloq hesab edir ki, ilk növbədə Rusiyaya onun bölgədə oynadığını destruktiv rolu anlada biləcək xüsusi bir formanı axtarıb tapmaq lazımdır: “Rusiya ilə Qarabağ məsələsinin müzakirəsini açıq formada etmək olmaz. Gizli diplomatik kanallar vasitəsilə Rusiya ilə müəyyən danışıqlar aparmaq olar. Azərbaycan tədricən Rusiyanın bölgədə oynadığı rolu beynəlxalq təşkilatlara daşıya bilər. Bunun üçün əlverişli vəziyyətin yetişməsi də olduqca önəmlidir. Yəni Moskva ilə danışıqlar aparıb bu məsələlərlə bağlı müəyyən bir səviyyəyə nail olduqdan sonra Azərbaycan ya beynəlxalq təşkilatlara müraciət etməli, ya da özünə yeni tərəfdaşlar tapmaq üçün hərəkətə keçməlidir. Proses birbaşa Rusiya ilə mümkün danışıqların nəticəsindən asılı olacaq. Azərbaycana vədlər verib, Ermənistanı da özündən çıxartmağa çalışmaq perspektivi olan bir siyasət deyil. Bir reallıq da var ki, Rusiya hazırda təklənib”.
Q.Hüseynlinin fikrincə, Türkiyə ilə də bu istiqamətdə danışıqlar aparmağa ehtiyac var: “Türkiyə Rusiya ilə barışığın doğurduğu əhval-ruhiyyənin təsirindən çıxa bilməyib. Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatları, hələ ki vəziyyəti Azərbaycanın xeyrinə dəyişmək iqtidarında deyil. Hər halda, Türkiyə yaxın müttəfiqdir və maraqlarımızı bilir. Kifayət qədər təhlükəli olan bu situasiyanı Türkiyə ilə müzakirə edib ortaq bir anlaşmaya gəlmək mümkündür. Türkiyə ilə hərbi saziş imzalanmalı, ölkəmizdə türk hərbi bazalarının yaradılmasına başlanılmalıdır”. Politoloq onu da bildirib ki, açıq surətdə Azərbaycanla hər cür strateji əməkdaşlığa hazır olan Pakistanla da bu istiqamətdə danışıqlar səmərə verə bilər".
*****
Lakin nə qədər qəribə də olsa, erməni ekspert dairələrində ortaq ordu ilə bağlı bir elə məmnunluq yoxdur. Məsələn, bununla bağlı erməni politoloq, İrəvandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirokosyanın özəl yanaşması var. Onun sözlərinə görə, erməni rus birləşmiş qruplaşmasınən yaradılması olduqca təhlükəlidir, çünki: “Bu, Rusiya üçün Dağlıq Qarabağda sülhməramlılar yerləşdirmək üçün mexanizm və ya keçid vasitəsi ola bilər. Rusiya Dağlıq Qarabağda hərbi qüvvə yerləşdirmək niyyətin əl çəkməyəcək və Moskva üçün bu təbiidir”.
“Abxaziya və Cənubi Osetiyaya hərbi müdaxilə üçün Rusiyanın əlində əsas var idi. Moskva bunu onunla əsaslandırırdı ki, Abxaziya və Cənubi Osetiya sakinlərinin Rusiya pasportları var və o, öz vətəndaşlarını qorumağa borcludur. Dağlıq Qarabağın timsalında isə belə bir şey yoxdur. Demək, Rusiyanın bölgədə öz güc və təsirini artırması baxımından ortaq ordu riskli ola bilər” - Kirokosyan əlavə edib.
Ancaq bütün hallarda gerçək budur ki, Rusiya işğalçının əsas dayağı və himayəçisi olaraq qalır, onu nə qədər özündən asılı eləsə də, işğalçını cəzalandırmağa və Qarabağ düyününü açmağa da imkan vermir...