Azərbaycanda vəkil QITLIGI YARANACAQ
“Azərbaycanda Nümayəndəlik institutunu ləğv etməyə hələ ki, ehtiyac yoxdur. “Vəkil və vəkillik fəaliyyəti haqqında”qanuna təklif edilən dəyişikliyə əsasən, hüquqi şəxslər yenə də nümayəndəlik institutunun fəaliyyətindən yararlana biləcək. Nümayəndəlik institutunun xidmətindən fiziki şəxslər yararlana bilməyəcək. Yəni fiziki şəxslərlə bağlı bütün məhkəmə çəkişmələrində ancaq vəkillər iştirak edə biləcək, nümayəndələr deyil”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinbin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib. Deputat bildirib ki, qanuna nəzərdə tutulan dəyişiklik Azərbaycanda vəkil qıtlığı yaranmasına yol açacaq. “Bu gün Azərbaycanda vəkillərin sayı Avropa ölkələri ilə müqayisədə dəfələrlə azdır və bu, istər-istəməz müəyyən problemlər yaradacaq. Vəkil çatışmazlığı problemini orataya çıxaracaq. Bu gün Azərbaycanın elə rayonu var ki, orada ümumiyyətlə vəkil fəaliyyət göstərmir və yaxud da həddən artıq azdır. Qanuna dəyişikliklər qəbul olunduqdan sonra fiziki şəxslər məhkəməyə müraciət zamanı ərizə yazmaq və ya iddia qaldırmaq üçün vəkil tutmalı olacaq və bu da bir sıra problemlər yaradacaq. Çünki bölgələrdə vəkillər həddən artıq azdır. O zaman vətəndaş digər rayonlarda fəaliyyət göstərən vəkillərə müraciət etmək zorunda qalacaq ki, bu da əlavə problemlər yaradacaq. Ona görə ki, heç də əhalinin bütün təbəqəsi vəkil tutmaq və onun xidmətindən yararlanmaq imkanına malik deyil. Onların imkanı buna yol vermir. Bu da öz növbəsində bir sıra problemlərə yol açacaq. O baxımdan mən əhalinin aztəminatlı təbəqəsi üçün dövlət hesabına vəkillərin tutulmasını təklif etdim. Hesab edirəm ki, bu mütləq lazımdır”. Deputat bildirib ki, qanunvericilikdə vətəndaşın hələ də müstəsna hallarda dövlət hesabına vəkillə təmin olunmaq hüququ var. “Lakin vəkillərin müdafiəçilərə keyfiyyətsiz xidməti və digər neqativ hallara gəldikdə, bunları inkar etmək olmaz. Bir çox hallarda vəkillər konyukturya əl ataraq qarşı tərəfin mükafatı nəticəsində müdafiəçisini deyil, qarşı tərəfi haqlı çıxarmağa çalışır. Belə hallar olub və bu gün də var. Bu və ya digər xoşagəlməz halların qarşısını almaq üçün vəkillik institutunun məsuliyyəti artırılmalı, peşəkarlıq, xidmət səviyyəsi yüksəldilməlidir. Həm vəkillərin sayının artırılması, həm peşəkarlıq, həm xidmət səviyyəsinin artırılması, həm də digər neqativ halların qarşısının alınması, məsuliyyət yükünün artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Əks təqdirdə ciddi problemlər ortaya çıxacaq”. Qeyd edək ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər gündəlikdən çıxarılıb. Spiker Oqtay Əsədov buna qanun layihələrindəki çatışmazlığı səbəb göstərib. Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişiklik nümayəndəlik institutunun qadağan olunması ilə bağlıdır. Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.