AXC-nin 100 illiyi ilə bağlı Almaniyada böyük TOPLANTI KEÇİRİLƏCƏK
Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək. Azərbaycan Prezidenti bir müddət öncə bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək. Bəs, bir çox mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə nə kimi işlər görməyi planlaşdırır? Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100” mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə davam edir. Hazırda Almaniyada yaşayan, Müsavat Partiyasının eks-başqanı İsa Qəmbərin qardaşı, Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Qəmbər Modern.az saytına açıqlamasında 100 illiklə bağlı planlarından danışıb. O bildirib ki, Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyi ərəfəsində Almaniyada böyük bir toplantı keçiriləcək: “Dekabrın 30-da Almaniyadakı və Avropadakı azərbaycanlıların iştirakı ilə böyük bir toplantı keçirəcəyik. Toplantı Köln şəhərində baş tutacaq və əsas təşəbbüskar mən olsam da, təşkilatçı dostlarımdır. Dünya Azərbaycanlıları Məclisinin sədri kimi bu tədbiri reallaşdırmağı düşünürəm. Qeyd etdiyim toplantıda azərbaycanlıların gələcəyi və qarşıdakı AXC-nin 100 illiyinə hazırlığımız müzakirə ediləcək. Bu baxımdan Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə 100 nəfər azərbaycanlının fikirlərindən ibarət bir kitab nəşr olunmasını istəyirəm. Eyni zamanda həmin şəxslərdən 100 təklif və 100 cümləlik bir əsər almaq fikrim var”.