“Madriddə Aprel döyüşləri getdi. Həmin döyüşlərdə necə qalib gəldiksə, “Qarabağ”ın futbolçuları da bunu “Atletiko” ilə oyunda təkrarladılar”
Bu sözləri Yenicag.az saytına açıqlamasında millət vəkili Aqil Abbas deyib.
“Qarabağ” azarkeşi kimi deputatın sözlərinə görə, 1:1 hesablı nəticə onun üçün sürpiz deyil: “Gözəl oyun nümayiş etdirdilər. Nəticə mənim üçün sürpriz olmadı. Hətta mən qələbə də gözləyirdim. Azlıqda qalmasaydıq, qalib gələcəkdik. Belə davam etsək, 3-cü pillədə qərarlaşa bilərik. Amma itkilərimiz də çoxdur”.
Robert Prosineçkinin göndərilməsindən sonra Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin olunacağına dair ictimaiyyətdə müzakirələr davam edir. Aqil Abbas isə “Qarabağ”ın çalışdırıcısının yığmanın “sükanı arxası”na gətirilməsinin tərəfdarı deyil: “Qurban ağıllı oğlandı, milliyə gəlməz. Nəyə lazımdır ki, yığmaya baş məşqçi gəlsin? “Qarabağ”ı gətirib bu cür səviyyəyə çatdırırb. Avropada doludu avaralar, gətirib birini milliyə baş məşqçi təyin edəcəklər də. Qurban Qurbanov razılıq versə belə, milli ilə yanaşı, “Qarabağ”a da rəhbərlik etməlidir. Lobanovski vaxtı Kiyev “Dinamo”sunun da baş məşqçisi idi, SSRİ-nin də. Ya ikisini də birlikdə yönəltməlidir, ya da gəlməz. Qurban milliyə gəlsə, “Qarabağ” məhv olacaq. Bunu sizə səmimi qəlbdən deyirəm”.