İcra başçıları üçün geri SAYIM BAŞLAYIB
İlin son ayı hansı icra başçılarının vəzifədə son ayı ola bilər? Dekabr ayı Quba rayonunun icra başçısı Yaşar Məmmədovun vəzifədən çıxarılması ilə başladı. İlin son ayının daha bir neçə icra başçısının vəzifə ömrünün sonu olacağı barədə məlumatlar hələ bir neçə ay öncədən yayılmışdı. Belə ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 12 iyul iclasında rayon rəhbərlərinə konkret tapşırıqlar vermişdi. Dövlət başçısı bildirmişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar: “Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda-dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”. Ölkə prezidenti İlham Əliyevin icra başçılarına qoyduğu vaxt 10 gün sonra başa çatır. Artıq ilk siqnal Qubanın icra başçısının vəzifəsindən götürülməsi ilə verilmiş sayıla bilər. Məlumata görə, icra başçılarının dəyişdirilməsi davam edəcək. Bununla paralel olaraq icra hakimiyyəti strukturunun yenilənməsi prosesi də aparılacaq. Yerlərdə vətəndaşlarla hakimiyyət arasında körpü rolunu icra hakimiyyəti strukturlarının, əsasən də icra başçılarının olduğu bəllidir. Ona görə də qarşıdakı aylarda bu “körpünün” yenilənməsi, gəncləşdirilməsi, müasir tələblərə cavab verəcək səviyyəyə gətirilməsi işinə start veriləcəyi gözlənilir. İcra başçılarının yenilənməsi üçün artıq kifayət qədər əsaslar da hazırlanıb. Məsələn, pambıq yığımı ilə bağlı Statistika Komitəsinin oktyabrın 31-də açıqladığı rəsmi məlumatı nəzərdən keçirsək, vəzifəsi üçün “əcəl zəngi”ni gözləyən icra başçılarının bir qisminin kimliyini müəyyən etmək mümkündür. Ölkə ərazisində 31 oktyabra qədər 44 min tondan artıq pambıq tədarük edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artım demək olsa da, Ağsu, Göyçay, Hacıqabul, Cəlilabad, Füzuli kimi rayonlar pambıq yığımında ən aşağı məhsuldarlıq alıb. O cümlədən Ucar, Sabirabad, Zərdab (sonuncu yerdədir) və Yevlax kimi pambıqçılıq rayonları bu yarışdan xeyli kənarda qalıb. Hesablama Palatası da büdcə vəsaitlərinin aidiyyəti üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 rayonun icra hakimiyyətində külli miqdarda yeyinti faktları aşkar edib. Həmin rayonların da icra başçılarının uzaqlaşdırılması üçün bu faktlara istinad edilməsi mümkündür. Həm prezidentin iyul ayındakı qətiyyətli tapşırığı, həm yaxınlaşmaqda olan seçki ili bir sıra rayonların rəhbərləri üçün qurtulmaq imkanlarını sıfıra endirir.