Saxta Yeni il ENDİRİMLƏRİ başladı

Natiq Cəfərli: “Dünyadakı endirim kampaniyaları ilə bizdəki kampaniyalar arasında ciddi fərq var”; Eyyub Hüseynov: “Ölkədə satılan malların təxminən 70 faizinin qiymət sənədi yoxdur”

Hər il olduğu kimi, bu il də Yeni İlin gəlməsinə az qalmış ərzaq məhsulları bahalaşmağa başlayıb. Müxtəlif geyim və parfümeriya mağazalarında isə endirim kampaniyaları başlayıb. Təbii ki, bəzən bu cür geyim mağazalarına girdikdə vitrinə yazılan və insanı şirnikləndirən endirim vədlərinin içəridə öz əksini tapmadığını görürük.

Biz də mağazalardakı endirim kampaniyaları, endirim əldə etmək üçün şərtlərlə tanış olmaq üçün bir neçə mağazaya baş çəkdik. Əksər geyim mağazalarında 20-60 faiz arası endirim kampaniyaları başlayıb, bəzilərində isə hələlik elanları verilib ki, dekabrın 25-dən yanvarın 5-dək Yeni il endirim kampaniyaları başlayacaq. Bəzi mağazalarda, xüsusən də parfümeriya mağazalarında bir məhsulu endirimlə almaq üçün alıcıya sərf etməyən şərtlər qoyulduğunu müşahidə etdik. Məsələn, “İdeal” parfümeriya mağazasında hazırda 1+1/ 70 faizədək endirim kampaniyası gedir. Bu kampaniya yalnız endirim kart sahiblərinə aiddir. Üstəlik, endirim kartındakı bonusla edilən alış-verişə şamil edilir.

Lakin heç də hər kəsin endirim kartı bonuslarla zəngin deyil. Alıcılar endirim kartıından ona görə istifadə edirlər ki, hansısa məhsulu ucuz ala bilsinlər. Olduğu qiymətə alıb bonus yığmaq üçün istifadə edilmir. Kampaniyaya görə, 350 manat və yuxarı alış veriş edənlər isə 10, 15, 20, 25 faiz endirim əldə edə biləcəklər ki, bu faizlər də oradakı qiymətlərə görə olduqca cüzidir. "İdeal" və "Sabina" mağazalar şəbəkələri müxtəlif adlarla endirim kampaniyaları həyata keçirsələr də, hələlik Yeni il endirimləri adı altında hansısa kampaniyaya başlamayıblar.

Geyim mağazaları arasında da bu cür oyuna bənzər kampaniyalar gedir. Məsələn, “Solo Boutique” geyim mağazası instagram  səhifəsində  “Yeni il öncəsi sizi sevindiririk” başlıqlı şəkil paylaşıb. Burada tələb isə ondan ibarətdir ki, kim şəklin altına daha çox rəfiqəsini tag etsə, o, 50 manatlıq kupon və 30 faiz endirim kartı əldə edir. Real Yeni il endirimlərinə gəlincə isə, “LcWaikiki”, “Koton”  mağazalarında artıq 50 faizədək endirim kampaniyası başlayıb. “Mango”, “Next” mağazasında isə yalnız seçilmiş geyimlərə 30 faiz endirim nəzərdə tutulub. Digər geyim mağazalarının əksəriyyəti isə Yeni İl endirim kampaniyalarına 25 dekabrdan başlayacaqlarını bildirdilər. Satıcılar bunun səbəbini isə indidən endirim kampaniyalarına başlasalar, onlara sərf etməyəcəyi ilə izah etdilər.

Yeni ildə yeni ev əşyası almaq və ya hədiyyə etmək istəyənlərə gəlincə isə, endirimlər olsa da, bu yalnız seçilmiş məhsullar üçündür. Əsas və lazımlı əşyalara isə heç bir endirim nəzərdə tutulmayıb. Məsələn, “Zel home” mağazasında seçilmiş məhsullara 20-50 faiz arası endirim nəzərdə tutulub. “Skandinaviya Evi”ndə isə yanvarın 7-dək 60 faizədək endirim olacaq. 

İqtisadçı ekspert Natiq Cəfərli əslində qiymətlərin endirilmədiyini, mağazaların bir müddət öncə qaldırdıqları qiymətləri normallaşdırdıqlarını və bunu da endirim kampaniyası kimi qələmə verdiklərini dedi: “Azərbaycanda fəaliyyət göstərən adlı-sanlı dükanlar, brendlər, dünya markaları şəbəkə deyil. Yəni dünyadakı şəbəkələrin bir parçası deyil. Azərbaycanda müqavilələr bağlanır, yəni həmin şirkətin adı istifadə edilir və məhsulları alınır. Amma bu şəbəkə şəklində fəaliyyət göstərmir. Ona görə də dünyada gedən endirim kampaniyaları ilə Azərbaycanda gedən endirim kampaniyaları arasında ciddi fərq var. Bu yaxınlarda dünyanın hər yerində ”qara cümə" adı ilə endirim kampaniyası həyata keçirildi. Amerikadan tutmuş Avropa ölkələrinə qədər 90 faiz endirimlərin olması müşahidə olundu. İnsanlar il ərzində gözləyirlər ki, Yeni il qabağı endirim kampaniyalarında istədikləri məhsulu alsınlar. Bu istər elektrik əşyaları, istər ev əşyaları, istərsə də geyim olsun. Bunu Avropada daha yaxşı bilirlər. Bütün ölkələrdə Yeni il öncəsi doğrudan da ciddi endirim kampaniyaları olur və bundan insanlar yararlana bilirlər. Azərbaycanda bu şəbəkə olmadığına görə dünyada gedən trendlərlə eyni deyil. Sadəcə olaraq, Azərbaycanın da öz xüsusiyyətləri var. Endirimdən qabaq qiymətlər kifayət qədər yüksəyə qaldırılır və sonradan 50-70 faiz endirim olanda qiymətlər normallaşır. Azərbaycanda bu həmişə belə olub. İkincisi isə alıcılıq qabiliyyətinin aşağı düşməsi, əhalinin real gəlirlərinin azalması ona gətirib çıxarır ki, əhali artıq daha çox ərzağa, kommunal xərclərə pul xərcləməyə üstünlük verir və yaxud da məcbur olur. Beləcə geyim və kosmetik əşyalar ikinci plana keçir. Bu dükanlar da bunu anlayır və alıcılıq qabiliyyətinə uyğun olaraq müəyyən kompaniyalar aparırlar. Yeni il qabağı həm insanların bir birinə hədiyyə almasını nəzərə alaraq müxtəlif  Yeni il qabağı aksiyalarla heç olmasa dövriyyələrini və gəlirlərini artırmağı düşünürlər. Dediyim kimi, Azərbaycanda gedən proses dünya ilə paralel getmir və özünə məxsus xüsusiyyətləri var. Amma hər halda alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar geyimdə və kosmetikada qiymətlərin az da olsa, normallaşmasını müşahidə edirik".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə əsasən parfümeriya mağazalarında istehlakçıların aldadıldığını bildirdi: “İl ərzində ”İdeal"dan istehlakçıların hüquqlarının pozulması, aldadılması ilə bağlı bizə şikayələr  daxil olur. “İdeal” bir dükan kimi brenddir. Ümumiyyətlə, ölkənin əmtəə bazarı, xüsusən də parfümeriya sektoru həddindən artıq çirklənib. Geyim və ya parfümeriya fərqi olmadan ən brend dükanda belə saxta mallara rast gəlmək olar. Əhali bilməlidir ki, parfümeriya mallarının üzərində də ərzaq məhsulları kimi buraxılma və son yararlılıq müddəti olmalıdır. Əgər belə bir tarix yoxdursa, demək ki, o mallar saxtadır. Təəssüflər olsun ki, hazırda mağazalarda olan Yeni il endirimləri saxtadır. Əhali endirim olan mağazaya gedib malı seçir. Deyirlər ki, buna endirim yoxdur. Malı alıb sonradan dəyişmək istəyəndə də deyirlər ki, bu mal endirimdə olduğu üçün dəyişdirilmir, qaytarılmır. Təəssüflər olsun ki, ölkədə satılan malların təxminən 70 faizinin qiymət sənədi yoxdur. İstehlakçı hüquqlarının qorunmaması, qiymət sənədlərinin olmaması, Nazirlər Kabinetinin qərarının yerinə yetirilməməsi qiymət məsələlərində anarxiyaya səbəb olur".

 
"Yeni Müsavat"






Fikirlər