Oxucunu yumorla XÖŞBƏXT ETMƏK bacarığı - QULU MƏHƏRRƏMLİ yazır

 Image result for qulu məhərrəmli

 Qulu MƏHƏRRƏMLİ
 
 ****
Mətbuatımızda istedad sahibi olan çox az adam var ki, jurnalistikaya gələndən bugünəcən həqiqətə sadiq qalsın. 
Peşə əxlaqını qoruyan, vicdanının səsi ilə hərəkət edən, çirkaba bulaşmadan bu sahədə uzun müddət duruş gətirə bilənlərimiz də azdır. Ona görə indi ortada çox az media adamı qalıb ki, şəxsiyyəti də, sözü də cəmiyyət üçün maraqlı olsun. Bu günlərdə 50 yaşı tamam olan Etibar Cəbrayıloğlu mənim üçün belə maraqlı və dəyərli qələm sahiblərindəndir.
                                                                                   * * *
Onu 20 ildən çoxdur ki, tanıyıram, yaradıcılığını izləyirəm, şirin yumor hopmuş yazılarını, publisistik materiallarını, məktublarını, şərhlərini, müsahibələrini oxuyuram. Bir dəfə də olsun dostumu büdrəyən, haqsız yazan, tənqid hədəfindən çəkinən, mövqeyindən daşınan görmədim. Bu, bir xarakterdir və həmin xarakterinə görə Etibarı tanıyır və hörmət edirlər.
Yaşadığımız indiki zamanda jurnalistlərin uğuru çox vaxt təbii gedişatla yanaşı, müxtəlif təsadüflərdən də asılı olur. Bu məsələdə istedadla yanaşı, jurnalistin havasını udduğu media mühiti, düşdüyü şərait, çalışdığı redaksiyanın siyasəti, azadlıq duyğusu, şəxsi xarakteri, hətta, mediaya təsiri olan dairələrə yaxınlığı belə müəyyən rol oynaya bilir. Yəni önəmli bir araşdırma və ya yazılar silsiləsi ilə də məşhurlaşarsan, hansısa populyar bir verilişin dalğasında da üzə çıxarsan, kiminsə qanadı altında da şöhrət qazana bilərsən. Amma nə dərəcədə tanınmasından asılı olmayaraq jurnalistin yaradıcı və intellektual fəaliyyətinin əsasında əxlaq və mənəviyyat dayanmırsa, bu uğur da, tanınmaq da keçicidir. Yaradıcı adamın, o cümlədən jurnalistin tanınmağı onun daşıdığı mahiyyətlə, bu mahiyyət isə birbaşa əxlaq və mənəviyyatla bağlıdır. Etibar Cəbrayıloğlu xəmiri həqiqət və səmimiyyətlə yoğrulmuş yaradıcılığını mənəviyyatla tamamlayan jurnalistdir.
Nə qədər gözəl yazırsansa yaz, nə qədər cazibədar danışırsansa danış, mənəviyyatdan məhrum olan istedad qorxuludur. Jurnalistikada mənəviyyat həm də ölçüləri, sərhədlər bilmək, əxlaqa söykənmək deməkdir. Etibar Cəbrayıloğlu özünə, sözünə, peşəsinə əxlaqi kateqoriyalarla yanaşdığına görə sevilir.
                                                                                                   * * *
Etibarla bizi yaxınlaşdıran çox şey var, amma yumor hissi bu sırada öndə dayanır. Bu zəmanədə yaşayıb yumor hissindən məhrum olmaq bədbəxtlikdir. Etibar yumorun gücü ilə oxucunu xoşbəxt etməyi bacarır. Yazılarını oxuduqca, düşüncə qatlarına vardıqca onun təfəkkürünün və ifadə tərzinin bu yumordan necə qidalandığına heyran olmaya bilmirsən. Bu üslubun ən yaxşı nümunəsi son dövr publisistikamızın ən yaxşı nümunələrindən olan "Yasamaldan məktublar” rubrikası altında gedən yazılarda daha parlaq görünür. "Bu gün” qəzetində çap olunmuş həmin məktublar E.Cəbrayıloğlunu bir jurnalist kimi tanıtmaqla yanaşı, həm də mətbuatın ictimai dəyərini, onun estetik gücünü, milli publisistikamızda satira və yumorun yenidən necə şölələnməsini, qəzetin cəmiyyətdəki sosial dərdlərə necə güzgü tutmasını parlaq şəkildə nümayiş etdirdi.
Bir dəfə mətbuat təmsilçiliyinə və jurnalist peşəkarlığına aid kiçik bir yazısını oxumuşdum. Situasiyanı zərgər dəqiqliyi ilə verməsi, sözləri zərgər kimi seçib işlətməsi, "qəhrəmanları” öz xarakterlərinə uyğun səciyyələndirməsi və həm də kimsənin xətrinə dəymədən ictimai problemi dilə gətirməsi çox möhtəşəm idi. Dostlarla bir neçə dəfə bu yazıda müəllif peşəkarlığını müzakirə etmişdik, yazının ironik üslubu çox adamı tutmuşdu. Bir müddət biz görüşəndə mən Etibarla həmin yazının leksikası ilə danışırdım. Görünür, müstəqillik dövrünün ilk illərində satirik mətbuatımızın fenomeni olan "Çeşmə" qəzetinin yaradılmasında və nəşrində Etibarın yaxından iştirakı təsadüfi deyilmiş. Onun yazılarında çeşmə hələ də çağlayırdı...
Onun jurnalistikaya gəldiyi 90-cı illərdə qəzetlər hansısa fonddan pul almırdılar, onda həqiqət barmaq işarəsi ilə yox, vicdanın səsi ilə müəyyən edilirdi. Redaksiyaların divar və döşəmələri çox parıltılı deyiliydi, amma onun darısqal və təmirsiz otaqlarında həyat qaynayırdı. Jurnalistikanın bir başqa havası vardı və bu havada qəzetlərə yeni gəlmiş istedadlı gənclər şövqlə yazıb-pozurdular. Nə hərbi, nə də siyasi senzura bu qaynar mühiti soyuda bilmirdi, əksinə qoyulmuş məhdudiyyətlər yaradıcılıq üçün əlavə axtarışları stimullaşdırırdı. Mətbuata ürəklərinin hökmü ilə gəlmiş Etibar Cəbrayıloğlu kimi gənclər bu sahədə yeni ruhun nəyə qadir olduğunu sübut edirdilər. Gənc qələm sahibləri müstəqilliyin göz qabağında olan real bəhrəsi kimi mətbuat azadlığının şirinliyini dadırdılar. Həqiqəti yazmağın, millətin dərdlərini dilə gətirməyin, cəmiyyət maraqlarına xidmət etməyin sehrli gücünü duyurdular. Bu mənada Etibar o dövrün ab-havasını gilə-gilə ruhuna, damarlarına hopdurmuş həmin yeni nəsil təmsilçilərinin layiqli nümayəndəsidir.
E.Cəbrayıloğlu qəzet təcrübələrinə "Elin səsi”, "Lənkəran” kimi mətbu orqanlarında başlayıb, sonra "Press-fakt” kimi nüfuzlu qəzetdə ciddi jurnalistika məktəbi keçib. "Bu gün” "Cümhuriyyət” və "Yeni Müsavat” da onun jurnalist bioqrafiyasında bir mərhələ olub, daha sonra yaradıcılığının "Yeni yüzil”, "Cümhuriyyət”, "Üç nöqtə” mərhələsi başlanıb. Çalışdığı media qurumlarının hamısında da hörmət-izzət sahibi olub, qazandığı peşə və həyat təcrübəsi onu yaşından xeyli əvvəl yetkinləşdirib. Həmişə diri yazıb, və yaxşı ki, indi "Ədalət” qəzetində yazdığı köşələrdə də bu diri ruhu və parlaq üslubu saxlaya bilir.
Etibarı redaksiya şəraitində "Gün səhər”də görüb izləmək imkanım olub. Azərbaycanın bu ilk ictimai qəzetinin ombudsmanı olduğumuz üçün (Zeynal Məmmədli ilə birgə) redaksiyaya yolumuz tez-tez düşürdü. Onda E.Cəbrayıloğlu mədəniyyət mövzusunda silsilə materiallar yazırdı, maraqlı araşdırmaları var idi. Toxunduğu mövzularla, yazı üslubu ilə, bir də materiallarına orijinal sərlövhə tapması ilə diqqətimizi cəlb edirdi. Onun dərin biliyi, məsələnin məğzini tez tutması, problemə yanaşma tərzi, mübahisə zamanı mövqeyini çox nəzakətli bir şəkildə bildirməsi adamın diqqətini dərhal cəlb edirdi. Redaksiyanın kütləvi tədbirləri zamanı Etibarın xüsusi fəallığı bir insan kimi onun xeyli nəcib keyfiyyətlərini ortaya çıxarırdı.
* * *
Bu gün 50 yaşına çatmış E.Cəbrayıloğlu harda çalışıbsa peşə əxlaqını qoruyub, jurnalist adını uca tutub, sözü hörmətə mindirib, vicdanla yazıb, nəfsinə hakim olub, haqqı tapdalamayıb, şərdən uzaq olub. İndi bizim dağılmış evciklərə oxşayan mediamızda bu kriteriyalar bəlkə də önəmli deyil. Amma ciddi məktəb keçmiş qələm sahibləri üçün peşə vicdanı, peşə əxlaqı anlayışları çox önəmlidir.
İstənilən cəmiyyətdə tərəqqinin də, tənəzzülün də əsas səbəbi əxlaqdır – mətbuatda, jurnalistika mühitində də belədir. Etibar müsahibələrinin birində deyir ki, "ləyaqətini, o cümlədən peşə ləyaqətini itirən adam hər şeyini itirmiş olur”. Mübahisə doğurmayan fikirdir. Əslində "ləyaqət və əxlaq” jurnalistikanın yazılmamış qanunudur, peşə kodeksidir. Ötən əsrin 90-cı illərində jurnalistikaya gələnlərin çoxu bu kodeksi yaxşı bilir, amma az bir qismi buna əməl edir.
Vicdanlı söz sahibi Etibar Cəbrayıloğlu bu kodeksin adamı olduğu üçün cəmiyyətdə hörmət və nüfuz sahibidir. Mətbuatımızda bu nüfuz sahiblərinə həmişə ehtiyac var...
 
 
 
 
 
 
 
 
 






Fikirlər