Şəxsiyyətin gücü

Şəxsiyyətin gücü

Professor Qulu Məhərrəmli haqqında düşüncələrim.

Hər dəfə onu görəndə düşünürəm ki, mənəvi burulğanların tüğyan etdiyi zamanlarda, adamların yalnız ağ-qara rənglərlə düşündüyü bir mühitdə belə öz sifətini, peşə prinsiplərini, ziyalılığını qoruyub saxlamaq, sözünü, şəxsiyyətini sevdirmək asan iş deyil. Üstəgəl bütün zümrələrdən olan auditoriya tərəfindən qəbul edilmək və həmişə arzulanan şəxs kimi qalmaq da çox çətindir. Və deyim ki, bu, hər kəsin də işi deyil... 

Qulu Məhərrəmlini uzun illərdir tanıyıram, peşəkarlığına, şəxsiyyətinə, ziyalılığına dərin hörmətim var. İlk dəfə ekranda gördüyüm, daha sonra şəxsən tanış olub dostlaşdığımız vaxtdan onu xalqını, millətini sevən, Azərbaycanın bu günü və sabahı üçün nə isə etməyə çalışan vətənpərvər kimi tanımışam. Onu da görmüşəm ki, ölkədə əksəriyyət onu milli düşüncə sahibi, mənəviyyat adamı kimi tanıyır və hörmət edir. 
Adının qarşısında təmtəraqlı sözlər, təşbehlər yazmağa, elmi dərəcəsini, titullarını sadalamağa lüzum yoxdur, sadəcə, Qulu Məhərrəmli demək bəs edər ki, onun obrazı və kimliyi bütövlükdə göz önündə canlansın, titullar isə bu adın kölgəsində qalsın.
Onun Azərbaycan jurnalistikasında əksəriyyətin qibtə edəcəyi bir karyerası var. Parlaq istedadı, uzun illər gərgin çalışmaları ilə qazanılan halal karyera. Buna görə də o, jurnalistikada çoxları üçün ölçüyə, etalona, kumirə çevrilib. Bu haqqı kimsə dana və ona çox görə bilməz. 
Hərdən düşünürəm ki, görəsən populyar teleproqramalrın, çoxsaylı sənədli televiziya filmlərinin, aktual publisistik yazıların, teleradio nəzəriyyəsinə dair sanballı kitabların, izahlı lüğətlərin müəllifi olan Qulu Məhərrəmli bu gün daha çox kimdir? Publisist, teleaparıcı, televiziya bilicisi, siyasi icmalçı, parlaq elm adamı, pedaqoq? Əslində, bu sualların bir cavabı var: harada olursa-olsun, o, əsl peşəkardır və onun üçün jurnalistikanın prinsipləri, daxili azadlıq, peşə borcuna sədaqət hər şeydən önəmlidir. 
                                                               ***
Qulu Məhərrəmli, hər şeydən əvvəl, televiziya adamıdır, bu işin incəliklərini gözəl bilir, təkcə nəzəriyyəçi deyil, həm də peşəkar aparıcı, ssenarilər müəllifi, televiziya istehsalının və idarə edilməsinin mahir təşkilatçısıdır. Mən təxminən 10-12 il əvvəl AzTV-də Qulu Məhərrəmlinin rəhbərlik etdiyi “Səhər” proqramında qonaq olanda burada üç saatlıq canlı efirin necə ustalıqla idarə edilməsini görəndə, qurulmuş iş mexanizminin mahiyyətini duyanda çox heyrətləndim. Çeviklik, dəqiqlik, çətin situasiyada ağıllı qərarların qəbulunu tələb edən canlı efirin saat mexanizmi kimi işləməsi yalnız burada işin elmi təşkili sayəsində mümkündür. Qulu müəllim bunu necə etməyi hələ o vaxt göstərə bilmişdi.
İncə yumor hissinə baxmayaraq, işlərində kifayət qədər ciddi və təvazökardır, bir də onda Şərq müdrikliyi var. Bu keyfiyyətlərini istedadı ilə birləşdirən Qulu müəllim bizim TV məkanında ağıllı, intellektual və qərəzsiz aparıcı obrazını yarada bilib. Danışıq və davranışının sərhədlərini dəqiq müəyyənləşdirə bilən Q.Məhərrəmli tamaşaçının sevdiyi, etibar etdiyi, inandığı aparıcıdır. Səviyyəli tamaşaçı dediyi sözün çəkisini bilən peşəkarlara daha çox etibar edir. Bu baxımdan Qulu Məhərrəmli tamaşaçı auditoriyasına hakimdir və həqiqəti ağılla deyə bilir, əlbəttə, yeri gələndə sərt də ola bilir. Təmkinli görünüşü, güvənli nitqi, səmimi və nüfuzedici baxışı, ünsiyyət yaratmaq məharəti, intellekti və daxili mədəniyyəti tamaşaçılarda ona dərin inam yaradır. Onu həmişə ekranda görmək, eşitmək istəyi də məhz bu inamla bağlıdır. 
O, bütün davranışı ilə efir adamıdır, ekranda quru, rəsmi, ütülü bir dillə yox, çox səmimi, xalq dilində danışır, həm də nəyi və necə danışdığının fərqindədir, üstəlik, toxunduğu mövzunun “içindədir”, təhlil etdiyi predmeti bütün incəliklərinə qədər bilir. Hərdən adama elə gəlir ki, o, tamaşaçının ekrana zillənən baxışlarındakı sualları qabaqcadan duyaraq, onu narahat edən problemlər barədə söhbət açır. Bir üstünlüyü də ondadır ki, bu problemlərin görünən tərəflərindən daha çox görünməyən, “kadr arxasında qalan” tərəflərini tamaşaçıya çatdırır. Vaxtilə prezident Heydər Əliyevin xarici ölkələrə səfərlərindən hazırladığı reportajlara baxanda, mən Qulunun bu keyfiyyətini, xüsusən siyasi prosesləri necə sadə, amma dolğun və anlaşıqlı bir dildə çatdırmasını çox bəyənirdim. 
Əsl peşəkar olan və özünün ictimai dəyərini, istedadının qiy­mətini, sözünün urvatını, çəkisini yaxşı bilən Q.Məhərrəmli bir tərəfdən yerinə yetirdiyi vəzifə borcu, digər tərəfdən isə jurnalist məsuliyyəti və peşəkarlığı ilə daxili azadlığı arasındakı “qızıl ortanı” çoxdan tapıb. Bu səbəbdən də o, özünü boş-boşuna sağa-sola xərcləmir. Bu gün bunu, sabah onu mədh edənlərdən də həmişə uzaqda dayanır, istər cəmiyyət, istər jurnalistika, istər tamaşaçı, istərsə də öz “mən”i qarşısında çox məsuliyyətlidir. Mən onun əxlaqi düşüncələrində həm Şərq müdrikliyini, həm də Qərb işgüzarlığını görürəm. Onun jurnalist əqidəsi belədir: “Ya yaxşı yaz, ya yazma... Ya doğru danış, ya danışma... Ya ədalətli danış, bacarmırsansa, heç olmasa, sus...” Bir sözlə, elə danış ki, sözün eşidilsin. 
Adətən, hər jurnalist, hər aparıcı bir yazısı, bir kitabı və ya bir verilişi ilə daha çox yadda qalır. Qulu müəllim də daha çox “7 gün” proqramı ilə yaddaşlarda iz qoyub. Vaxtilə Azərbaycan teleməkanında yeganə analitik informasiya proqramı olan və jurnalistikamızda yeni mərhələ açmış “7 gün”, yəqin ki, tamaşaçıların yaxşı xatirindədir. Q.Məhərrəmlinin formalaşdırdığı yeni veriliş formatı olan “7 gün” cəmiyyətimizdə ciddi problemlərin yaşandığı, o cümlədən ictimai şüurda müəyyən bir böhran olduğu dövrdə efirə çıxırdı və hər həftə sonunda tamaşaçılar bu proqramı böyük intizarla gözləyirdi. Çünki tamaşaçı ağıllı söz eşitmək və həm də ağıllı adamın sözünü eşitmək istəyində idi. İndi Azərbaycandakı bütün kanalların oxşar analitik informasiya proqramlarının çoxundan fərqli olaraq, “7 gün”də təkcə siyasi hadisələrin obyektiv təhlili deyil, sosial-iqtisadi problemlərlə bağlı araşdırmalar, jurnalist təhqiqatları da xüsusi yer tutardı. “7 gün”, sözün həqiqi mənasında, çoxlarının ənənələrindən bu gün də bəhrələndiyi bir məktəb idi. Onun sonralar apardığı “Təfsilat” və “Gerçəklik” müəllif proqramları haqqında da eyni sözləri demək olar. 
Bu gün dünyada mövqelərini möhkəmlətməyə çalışan Azərbaycanın çətinliklərdən xilas olmasının bir neçə yolu var. Qətiyyətlə deyərdim ki, bu yollardan biri də xalqın, dövlətin maraqlarını əsas tutan azad, sağlam, Azərbaycan mediasıdır. Bu mediada Qulu Məhərrəmli kimi xalqa, cəmiyyətə, Vətənə namusla xidmət edən, güclü dövlət düşüncəsinə malik müstəqil şəxslər təmsil olunmalıdır.
                                                ***
 Peşəkar harda, hansı şəraitdə olsa, yenə peşəkardır. Bu baxımdan Qulu müəllimin Xəzər TV-də apardığı “Dost məclisi” və “Gündəm” proqramlarının uğurunu da qeyd etmək istərdim. Bunlar formaca sadə studiya proqramları idi, amma Q.Məhərrəmli kimi peşəkarın təqdimatında çoxsəsli və çoxrəngli görünürdü. Mən xüsusilə “Gündəm”ə baxır, bu proqramda müasir dünyanın siyasi mənzərəsini görür, təhlillərə maraqla qulaq asırdım. Bu proqramın bir üstünlüyü də onda idi ki, Azərbaycan xarici siyasətinin parametrlərini dolğun əks etdirir və mürəkkəb beynəlxalq şəraitdə diplomatiyamızın uğurlarını dolğun şəkildə işıqlandıra bilirdi. Bəzən ekspertlərin fikirlərinin üst-üstə düşməməsi də bu proqrama ayrıca gözəllik verirdi. Bu verilişin indi efirə getməməsinə çox təəssüflənirəm. 
 Qulu Məhərrəmli olduqca maraqlı, ekran üçün cazibədar, yapışıqlı aparıcıdır. Əvvəla, o, ekrandakı səmimiyyəti ilə auditoriyanı ələ ala bilir. İkincisi isə tamaşaçı ilə daim bir yerdə olmağa, ən səmimi münasibətlə fikir bölüşməyə çalışır. Bu isə onun yaradıcı tərəfidir, sənətkar, publisist, alim Qulu Məhərrəmliyə məxsus gedişlərdir. Mən şəxsən bu cür yaradıcılığı çox sevirəm. Məsələn, bir vaxtlar Rusiya televiziyasında Viktor Şaxnovski vardı, həm gözəl televizyonçu, həm də gözəl alim idi. Və yaxud, Lermontovşünas İ.Andronikovun apardığı verilişləri xatırlayaq. Bu cür yaradıcılıq prosesində elmlə sənətkarlığın çulğaşdığını, bir-biri ilə rəqabətdə olduğunu, yarışdığını və bir-birini tamamladığını görürük. Bu mənada mən ayrılıqda jurnalist və ayrılıqda alim Qulu Məhərrəmlinin hər ikisini ciddi tapıntı hesab edirəm. Onun həm elmi araşdırmaları, həm də teleradioda çalışdığı illər ərzində hazırladığı verilişlər Azərbaycanın yeni mediası, yeni jurnalistikamız üçün çox orijinal örnəklərdir. 
Qulu müəllim tərəfsiz jurnalistikamızın ən parlaq təmsilçilərindən biridir. Yəni həqiqətən, müstəqil, mahiyyətcə, düşüncə etibarı ilə müstəqil jurnalist, alim, pedaqoq Q. Məhərrəmli Azərbaycanın mənafeyini, milli maraqlarını, peşə prinsiplərini, yaradıcılıq meyarlarını hər şeydən yüksək, hər şeydən öndə tutur və bu meyarlar əsasında fəaliyyət göstərir. Cəmiyyətimizin belə işıqlı şəxsiyyətlərə çox böyük ehtiyacı var.
                                                            ***
Qulu müəllimin ən parlaq keyfiyyətlərindən biri obyektiv və ədalətli olması, yaramazıqlarla üzləşəcəyini bilsə belə, həqiqəti deməkdən çəkinməməsi, axına qarşı üzə bilməsidir. İctimai vicdanın daşıyıcısı, məhz belə adamlar olur.
Onun tarixi irsimizə, milli ideyaların daşıyıcısı olan parlaq şəxsiyyətlərə münasibəti də bizi xeyli yaxınlaşdırıb. O, Zərdabidən, Ü.Hacıbəylidən, Sabirdən, M.Ə.Rəsulzadədən, Ə.Ağaoglundan, Ö.F.Nemanzadədən, Ə.Topçubaşıdan və başqa millət fədailərimizdən həvəslə danışanda mən xüsusi zövq alıram. Bir neçə il əvvəl “Ayna” qəzetində çap etdirdiyi “Cümhuriyyətin banisi” məqaləsi obyektiv tarixi yanaşmasına, həqiqəti dəqiq əks etdirməsinə, həm də kifayət qədər cəsarətli yazılmasına görə o qədər xoşuma gəlmişdi ki, Moskvadan zəng edib onu təbrik etməkdən özümü saxlaya bilmədim...
Mən Qulu Məhərrəmlinin ixtisas biliyini, alimliyini bir yana qoyub, onun intellekti, məlumatlılığı, həyat bilgisi və geniş dünyagörüşünü ayrıca vurğulamaq istəyirəm. Yaxşı mütaliəsi var, təkcə ekranda yox, həyatda da  çox maraqlı həmsöhbətdir. 5-6 il əvvəl Moskvaya birgə uçurduq. Təyyarədə çox şeydən söhbət edirdik, söz-sözü çəkirdi. İki saat yarımlıq yolun necə keçdiyini hiss etmədik, amma hava limanında ayrılanda hər ikimiz təəssüfləndik ki, söhbət eləməyə vaxt çatmır.
Deyirlər ki, bilik elmdən asılıdır, hörmət işdən, firavanlıq səydən, mükafat isə taledən. Düşünürəm ki, bunların hamısı çox maraqlı, çox yaddaqalan telepersona olan Qulu Məhərrəmlinin qismətində var. Ona görə də Qulu müəllim cəmiyyətdə təkcə jurnalist və aparıcı kimi deyil, həm dədaxili gücü böyük olan bir şəxsiyyət, parlaq ziyalı, elm adamı və ictimai xadim kimi də qəbul edilir. Ən əsası odur ki, arzulanan adamdır. Diplomatik dildə belə xoşniyyətli insanlara “persona-qrata” deyirlər. Qulu Məhərrəmli bizlər üçün, bütün mənəviyyat adamları üçün məhz belə arzulanan, sevilən və hər zaman sözünə ehtiyac duyulan şəxsiyyətdir. Tarix boyu milləti də, onun mənəviyyatını da belə şəxsiyyətlər təmsil edib.
Ramiz ABUTALIBOV
                                                                      
Diplomat






Fikirlər