"QULU Məhərrəmlini müdafiə etmək VİCDAN və LƏYAQƏT məsələsidir"

"Qulu Məhərrəmlini müdafiə etmək vicdan və ləyaqət məsələsidir"

Professor Şirməməd Hüseynov tələbəsi və məsləkdaşının müdafiəsinə qalxdı

AzerTaym.az Ölkə.Az-a istinadən xəbər verir ki, Azərbaycan mətbuatının patriarxı, görkəmli araşdırmaçı alim, BDU-nun professoru Şirməmməd Hüseynov tənqidi fikirlərinə görə AzTV sədrinin hücumlarına məruz qalmış və həbs təhlükəsi ilə üzləşmiş Qulu Məhərrəmlinin müdafiəsinə qalxıb. Professor AzTV sədrini bir məmur kimi tənqidə dözümsüzlükdə qınayıb:

“İndi nə zəmanədir ki, mütəxəssisin dediyi tənqidi mülahizəsinə görə ona məhkəmə açasan” deyən professor, həmkarı Qulu Məhərrəmlini televiziya sahəsinin bilicisi, ekranda öz dəst-xəttini yaratmış görkəmli jurnalist, sözünə inanılan mötəbər alim və nüfuzlu ziyalı, dövrümüzün ən yaxşı publisistlərindən biri kimi səciyyələndirib.

Ş.Hüseynov dostu və məsləkdaşı Q.Məhərrəmlinin dürüstlüyünə, məsləyinə, dəyərlərə münasibətinə, gerçək dövlət sevgisinə, millətə can yandırmasına yaxşı bələd olduğunu deyıb. O, ayrıca vurğulayıb ki, “öz sözünü deməyi bacaran Q.Məhərrəmlini respublikada, demək olar ki, hamı tanıyır. İnsanlar onu obyektivliyinə, ləyaqətli və vicdanlı söz sahibi olmasına görə sevir və qiymətləndirirlər. Ona görə də indi kimin, hansı üsullarla və necə yönəltməsindən asılı olmayaraq, heç bir ləyaqətsiz kampaniya, heç bir yalan və böhtan onun ictimai şüurdakı nüfuzunu zədələyə bilməz, yəni yel qayadan heç nə apara bilməz”.

Professor Q.Məhərrəmlinin AzTV-nin verilişləri haqqında fikirlərini bölüşən Ş.Hüseynov qeyd edib ki, bir televiziya bilicisinin dövlətin büdcədən pul ayırdığı, amma auditoriyanın etimadını qazana bilməyən telekanalın zəif, baxımsız və maraqsız verilişlərini tənqid etməsi normaldır. Tənqidə görə belə görkəmli adamı məhkəməyə vermək yox, ondan öyrənmək lazımdır. Məhkəmə təhlükəsinə münasibətdə isə Şirməmməd müəllim belə yazıb: bu gün bütün namuslu adamlar, o cümlədən mediada çalışanlar üçün Qulu Məhərrəmli kimi parlaq adamı müdafiə etmək vicdan və ləyaqət məsələsidir”.

 






Fikirlər