Qulu Məhərrəmli ilə Elçin Əlibəyli üz-üzə: “Efirdən kənar qalmasının səbəbi...”

Qulu Məhərrəmli ilə Elçin Əlibəyli üz-üzə: “Efirdən kənar qalmasının səbəbi...” Teleaparıcı Elçin Əlibəyli mətbuata müsahibəsində həmkarı Qulu Məhərəmlinin vaxtı ilə “El içində” verilişi haqqında səsləndirdiyi ittihamlara cavab verib.

Belə ki, Q.Məhərrəmli Elçin Əlibəylini subyektiv mövqe nümayiş etdirmək ittiham etmişdi. Bildirmişdi ki, aparıcının, jurnalistin subyektiv fikir səsləndirməsi jurnalistikaya ziddir.

Müsahibəsində ittihamlara cavab verən E.Əlibəyli həmkarı ilə razılaşmayıb:

“Kim deyir ki, aparıcı obyektiv olmalıdır? Mən Azərbaycan teleməkanında ilk dəfə göstərdim ki, aparıcının da mövqeyi ola bilər və o, heç də hər zaman obyektiv olmalı deyil. Heç kimin qarşısında öhdəlik götürməmişdim ki, sizə obyektiv layihə təqdim edəcəyəm”.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən jurnalist-teletənqidçi Qulu Məhərrəmli isə bildirib ki, aparıcı obyektiv və ədalətli olmalıdır:

“Ədalətli olmasa belə obyektiv olmaq mümkündür. Aparıcı məharəti başqa şeydir. Onsuz da ağıllı aparıcı mövqeyini sızdıra bilir. Aparıcı obyektivliyini pozarsa, ona qarşı efirdə müəyyən çatlar əmələ gəlir. Elçin Əlibəylinin efirdə olmamasına təəssüflənirəm. Onun televiziyadan kənar qalmağının 500 səbəbi ola bilər. Bu, efir və aparıcının şəxsiyyəti ilə də bağlı ola bilər”.

Q.Məhərrəmli deyir ki, hazırda Azərbaycan teleməkanlarında ideal aparıcı yoxdur:

“Mən özüm də keçmiş verlişlərimə baxıram. Məsələn, Tahir Əliyevlə mənim bir müsahibəm var. Mən ona kəskin suallar vermişəm, buna görə özümü bağışlaya bilmirəm. Bəzi epizodlarda ona lazım olmayan duyğularla baxmışam, bir az baxıslarımda nifrət olub. Bu olmaz. Biz sevdik- sevmədik qarşımızdakı şəxsə neytral yanaşmalıyıq”.

Teletənqidçi vurğulayıb ki, yalnız maarifləndirici xarakterli verilişləri televiziya faktı saymaq olar:

“Bir verilişin ki, məqsədi cəmiyyəti məlumatlandırıb, ona bilgi verməkdir, bu jurnalistikadır. O yerdə ki, nə qədər gözəl mövzu olursa-olsun, verilişin məqsədi auditoriyanı əyləndirib, onu sensasiyanın içərisinə salmaq, əsasən əyləncə üzərində qurmaqdır bunu jurnalistika faktı saymaq olmaz”.






Fikirlər