Təhsil naziri, Yasamalın icra başçısı...+ SİYAHI

Azərbaycanda bu yüksək vəzifə yerləri boş qalıb

Azərbaycanda bir neçə yüksək dövlət vəzifəsi xeyli vaxtdır təyinat gözləyir. Həmin vəzifələr aparılan struktur islahatları və digər səbəblərdən boşalıb.

AzerTaym.az xəbər verir ki, Modern.az saytı boş qalan yüksək vəzifə yerlərini dəqiqləşdirməyə çalışıb.

Hazırda gözlər təhsil naziri postuna yönəlib. Eks-təhsil naziri Mikayıl Cabbarovun vergilər naziri postuna aparılmasından sonra Təhsil Nazirliyinə kimin rəhbər gətiriləcəyi hamını maraqlandırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsi də 1 ildir təyinat gözləyir. Komissiyanın sabiq sədri, mərhum akademik Arif  Mehdiyev 2016-cı il dekabrının 19-da vəfat edib. 

Prezident Administrasiyasındakı bir neçə vəzifə hələ 6 ay öncə boşalıb. Dövlət başçısı İlham Əliyevin bu il iyunun 1-də struktur islahatları ilə əlaqədar imzaladığı sərəncamlardan irəli gələrək, Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçi – şöbə müdiri Kamal Abdulla, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tutduqları vəzifələrdən azad olundular. 

Struktur islahatları nəticəsində Prezident Administrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi də yaradıldı.

Hər üç şöbəyə müdir təyinatı hələ ki, gerçəkləşməyib.
 
Prezident İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib. İbrahim Mehdiyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Ölkə başçısının 11 iyulda imzaladığı sərəncamla Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.  Bu vəzifəyə də heç bir təyinat olmayıb.

2018-ci ildə ölkəni bir sıra önəmli hadisələrin, o cümlədən növbəti prezident seçkilərinin gözlədiyini nəzərə alsaq, onda qeyd edə bilərik ki, tezliklə adları çəkilən yüksək dövlət vəzifələrinə məmur təyinatının olacağı istisna deyil.






Fikirlər